17–19 may tarixlərində Parisdə beynəlxalq kouçinq sahəsinin ən nüfuzlu tədbirlərindən biri olan ICF Converge Summit 2026 keçirilib.
Sfera.az bildirir ki, sammit Avropa, Amerika və Asiyanın müxtəlif ölkələrindən kouçları, liderləri və təşkilati inkişaf mütəxəssislərini bir araya gətirib.
Tədbirdə Azərbaycanı ICF Azərbaycan Çapterinin üzvü, 175 saatlıq peşəkar kouçinq təlimi keçmiş və hazırda aktiv fəaliyyət göstərən kouç Kəmalə Quluzadə təmsil edib.
Sammit çərçivəsində kouçinqdə mükəmməllik standartları, ICF kompetensiyaları, liderlik və təşkilati transformasiya, emosional dayanıqlılıq, inklüziv kouçinq mədəniyyəti, süni intellekt və neyroelm, etik yanaşmalar, davamlı inkişaf, stress və əlaqəsizlik hallarında kouçinq alətləri, daxili tənqidçi ilə iş, müxtəlif şəxsiyyət tipləri ilə kouçinq və peşəkar inkişafın digər aktual istiqamətləri üzrə sessiyalar keçirilib.
İştirakçılar beynəlxalq təcrübə mübadiləsi apararaq yeni əməkdaşlıq imkanlarını və kouçinq sahəsində qlobal trendləri müzakirə ediblər.
Sammitin sonunda Kəmalə Quluzadə fəal iştirakına və tədbirin işinə verdiyi töhfəyə görə xüsusi mükafata layiq görülüb. Bu mükafat onun peşəkar inkişafına, beynəlxalq kouçinq icmasında aktiv mövqeyinə və davamlı öyrənmə yanaşmasına verilən dəyərin göstəricisi kimi qiymətləndirilir.
“ICF Converge Summit 2026 mənim üçün yalnız peşəkar təcrübə deyil, həm də Azərbaycanı beynəlxalq kouçinq platformasında təmsil etmək imkanı oldu. Avropa, Amerika və Asiyadan olan həmkarlarla təcrübə mübadiləsi mənə yeni yanaşmaları daha dərindən anlamağa və bu bilikləri insanların inkişafına daha effektiv şəkildə tətbiq etməyə imkan verdi. Bu təcrübənin Azərbaycanda kouçinq mədəniyyətinin inkişafına töhfə verəcəyinə inanıram”, — deyə Kəmalə Quluzadə bildirib.
Qeyd edək ki, ICF Converge Summit 2026 dünya üzrə kouçinq sahəsində fəaliyyət göstərən peşəkarların bir araya gələrək bilik və təcrübə mübadiləsi apardıqları, həmçinin sahənin gələcək istiqamətlərini müzakirə etdikləri mühüm beynəlxalq platformadır.