Sosial şəbəkələrdə yayılan yeni bir paylaşım “iPhone” istifadəçiləri arasında böyük maraq doğurub. İstifadəçilərdən biri smartfonun kamera və əlçatanlıq (Accessibility) parametrlərindən istifadə etməklə ev heyvanlarının tükləri arasında gizlənən birə və bitlərin daha asan aşkar edilə biləcəyini iddia edib.




Sfera.az-ın məlumatına görə, qısa müddətdə viral olan bu üsul xüsusilə yay aylarında ev heyvanlarında parazit problemlərinin artması fonunda diqqət çəkib. Bir çox istifadəçi bu metodu sınaqdan keçirdiyini və “təəccüblü nəticələr” əldə etdiyini bildirsə də onun effektivliyi elmi cəhətdən təsdiqlənməyib.




İddialara görə, üsul belə tətbiq olunur: ev heyvanı yaxşı işıqlandırılmış bir mühitə aparılır. Daha sonra “iPhone”da “Parametrlər” bölməsinə daxil olub “Əlçatanlıq” menyusu açılır. Buradan “Ekran və Mətn Ölçüsü” bölməsinə keçilərək “Klassik tərs rənglər” (Classic Invert) funksiyası aktiv edilir. Daha sonra kamera açılaraq heyvanın tükləri yaxın planda yoxlanılır.




İstifadəçilərin sözlərinə görə, bu rejim xəz arasında hərəkət edən kiçik parazitləri daha asan fərqləndirməyə kömək edə bilər.




Bununla belə, mütəxəssislər ev heyvanlarında birə və bitlərin aşkarlanması üçün bu kimi sosial şəbəkə “həyat hiylələrinə” tam etibar etməməyi, lazım olduqda isə baytar həkimə müraciət etməyi tövsiyə edirlər.


 


Mənsumə

Sfera.az