İyunun 15-də Balakən rayon Uşaq incəsənət məktəbi və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı keçirilib.
“Yeni Sabah” xəbər verir ki, əvvəlcə Balakən rayon Uşaq incəsənət məktəbinin direktoru Arifə Tağıyeva və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova çıxış edərək 15- iyun Milli Qurtuluş Gününün əhəmiyyətindən, gənc nəslin milli ruhda tərbiyəsinin vacibliyindən və bu cür birgə layihələrin mədəni mühitin inkişafına verdiyi töhfələrdən söz açıblar. Onlar tədbirin ərsəyə gəlməsində əməyi olan bütün təşkilatçılara və iştirakçılara təşəkkür ediblər.
Balakən rayon Mədəniyyət Mərkəzində keçirilən konsertdə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Kamera və xalq çalğı alətləri orkestrləri, fortepiano, orkestr, xoreoqrafiya şöbələrinin şagirdləri, həmçinin Balakən rayon Uşaq incəsənət məktəbinin şagirdləri çıxış edib. pizza hut
Tədbir çərçivəsində təqdim edilən musiqi nömrələri və rəqs kompozisiyaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb, milli musiqi irsi ilə müasir ifaçılıq ənənələrinin vəhdəti nümayiş olunub.
Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva çıxışında bu kimi tədbirlərin milli musiqi irsinin qorunması, gənc ifaçıların vətənpərvərlik ruhunda formalaşması və Azərbaycan musiqisinə bağlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Telegram kanalımız