Azərbaycanda dövlət qulluğuna qəbul prosesi, ölkənin dövlət idarəçiliyi sisteminin şəffaflıq, obyektivlik və meritokratiya (biliyə və bacarığa əsaslanan seçim) prinsipləri üzərində qurulmasını təmin edən mühüm mexanizmlərdən biridir.
Bu sistem müasir idarəetmə standartlarına cavab verən, yüksək hazırlıqlı və peşəkar kadr korpusunun formalaşdırılmasına xidmət edir. Ölkədə dövlət qulluğuna qəbul və bu sahədəki fəaliyyət əsasən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində tənzimlənir.
“Yeni Sabah” bildirir ki, qəbul prosesi əsasən iki mərhələdən – sertifikat (test) imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Dövlət qulluqçusu olmaq istəyən namizədlər ilk növbədə DİM tərəfindən mütəmadi olaraq təşkil edilən test imtahanlarında iştirak etməlidirlər. Marqarita pizza
İmtahanlar inzibati və yardımçı vəzifə qrupları üzrə, həmçinin vəzifələrin təsnifatına (məsələn, A və B növü üzrə) uyğun olaraq fərqli proqramlar əsasında keçirilir. Test imtahanında namizədlərin dünyagörüşü, Azərbaycan dili, qanunvericilik, informatika və məntiqi təfəkkür sahəsindəki bilikləri yoxlanılır. Bu mərhələni müvəffəqiyyətlə başa vuran şəxslərə müvafiq vəzifə qrupuna uyğun olaraq 5 il müddətinə qüvvədə olan dövlət qulluğu sertifikatı təqdim edilir.
Dövlət qulluğuna qəbul edilən şəxslər üçün tətbiq olunan qaydalardan biri də sınaq müddətidir. İlk dəfə dövlət qulluğuna qəbul olunan şəxslər qanunvericiliyə uyğun olaraq 1 il müddətinə sınaq müddəti ilə işə götürülürlər.
Bu müddət ərzində yeni əməkdaşın xidməti fəaliyyəti, kollektivə adaptasiyası və vəzifə öhdəliklərini icra etmə bacarığı nəzarətdə saxlanılır. Sınaq müddəti uğurla başa çatdıqdan sonra həmin şəxslə daimi dövlət qulluğuna qəbul barədə əmək müqaviləsi bağlanır və o, and içərək rəsmən dövlət qulluqçusu statusu qazanır.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil məsələləri üzrə tanınmış ekspert Ramin Nurəliyev bildirib ki, Dövlət qulluğuna qəbul prakikası olduqca qənaətbəxş və təqdirəlayiqdir:
“Dövlət qulluğu imtahanlarının keçirilməsini və imtahan nəticəsinə əsasən, müsabiqə şərtləri əsasında namizədlərin dövlət qurumlarındakı uyğun vakansiyalara yerləşdirilməsini Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirir.
Hazırda dünyanın əksər ölkələrində Dövlət qulluğu və buna bənzər müsabiqələr nəticəsində kadrların əmək fəaliyyətinə cəlb olunması prosesi tətbiq edilir. Əgər biz ümumi proseduru götürsək, Dövlət qulluğuna qəbul praktikası olduqca qənaətbəxş və təqdirəlayiqdir. Hər hansı vətəndaşın ixtisasına uyğun, dövlət qulluğunda istənilən vakansiyaya müraciət hüququ var. Şəxs imtahanda iştirak edir, müvafiq balı toplayır və müsabiqə şərtlərindən müsbət nəticə alırsa, dövlət qurumlarında tam şəffaf formada əmək fəaliyyətinə başlayır. Bu, dövlət tərəfindən vətəndaşlara göstərilən gözəl bir təşəbbüsdür. Müraciət edən vətəndaşlar üçün Dövlət qulluğunda xeyli yüksək vəzifələr var. Sadəcə imtahana və müsahibəyə yaxşı hazırlaşmaq lazımdır”.
Ekspert əlavə edib ki, hazırda dövlət tərəfindən dövlət qulluqçularına yetərincə diqqət və qayğı göstərilir:
“Qardaş Türkiyədə dövlət qurumlarına qəbul prosesi KPSS imtahanları vasitəsi ilə həyata keçirilir. Eyni zamanda Avropanın və dünyanın bir çox inkişaf etmiş ölkələrində də dövlət strukturlarında olan vakansiyalara qəbul prosesi müsabiqələr vasitəsi ilə təşkil edilir. Bunun olması, obyektivliyin təmin olunması üçündür.
Mən hesab edirəm ki, dövlət tərəfindən dövlət qulluqçularına yetərincə diqqət və qayğı göstərilir. Bu istiqamətdə həm yüksək əməkhaqqı, həm əməkhaqqına əlavələr, həm də mənzil alışı zamanı müəyyən güzəştlər formasında imtiyazlar mövcuddur. Fikrimcə, ictimai nəqliyyat, təhsil və səhiyyə kimi sahələrdə dövlət qulluqçuları üçün xüsusi güzəştlərin tətbiqi də məqsədəuyğun olar. Yaxud dövlət qulluğunda çalışan şəxs hər hansı elektron cihazların alışı zamanı müəyyən güzəştlər tətbiq edilə bilər. Bu kimi addımlar gənclərə dövlət qulluqçusu olmaq üçün daha çox motivasiya verəcək”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.
Telegram kanalımız