İyunun sonu olsa da, bazar və yolkənarı satış məntəqələrində qarpız satılır. “Hələ tezdir” deyənlər çoxdur, amma alıcılar da.
“Erkən yetişdirilmiş qarpızın hamısını təhlükəli hesab etmək olmaz. Müasir istixana texnologiyaları və aqrotexniki üsullar sayəsində qarpızın təbii mövsümündən daha tez yetişdirilməsi mümkündür. Bununla belə, bəzi hallarda məhsuldarlığı artırmaq və yetişmə prosesini sürətləndirmək məqsədilə gübrə və pestisidlərdən normadan artıq istifadə oluna bilər ki, bu da müəyyən sağlamlıq riskləri yarada bilər”.
Bunu “Yeni Sabah”a toksikoloq İsmayıl Əfəndiyev bildirib. Marqarita pizza
Onun sözlərinə görə, alınan qarpızın qabığı sağlam, çatlamamış olmalıdır:
“Qarpız alarkən, ilk növbədə, onun xarici görünüşünə diqqət yetirilməlidir. Qabığı bütöv, çatlamamış və zədələnməmiş olmalıdır. Əzilmiş, yumşalmış və ya çürümə əlamətləri olan tövsiyə edilmir. Kəsilmiş halda satılan qarpız da risk daşıyır. Qarpızın səthində olan bakteriyalar kəsilmə zamanı iç hissəyə keçə və isti havada sürətlə çoxala bilər”.
“Açıq havada satılan, soyuducu şəraitində saxlanılmayan qidalar risk yaradır. Meyvə və tərəvəzlərin kifayət qədər yuyulmaması da bağırsaq infeksiyalarının yayılmasına səbəb ola bilər, - deyə İsmayıl Əfəndiyev vurğulayıb. - Qarpızla əlaqəli zəhərlənmə halları daha çox məhsulun özündən deyil, onun düzgün saxlanılmaması və ya tərkibində yüksək miqdarda nitratların olması ilə bağlı olur”.
Toksikoloq qarpız zəhərlənməsinin ilkin əlamətlərini açıqlayıb:
“İlk əlamət, adətən, ürəkbulanma, qusma, qarın ağrısı, ishal, ümumi halsızlıq və baş ağrısı şəklində özünü göstərir. Ağır hallarda susuzluq inkişaf edə, bəzi hallarda isə təngnəfəslik və güclü zəiflik müşahidə oluna bilər.
Qida zəhərlənməsi əlamətləri yarandıqda ilk növbədə itirilən mayenin bərpasına diqqət yetirilməlidir. Xəstəyə bol maye verilməli, oral rehidrasiya məhlullarından istifadə olunmalı və ağır qidalardan müvəqqəti imtina edilməlidir. Özbaşına antibiotik qəbul etmə məsləhət görülmür. Əgər qusma və ishal dayanmazsa, yüksək hərarət yaranarsa, huşda dəyişiklik olarsa və ya xəstə uşaq, yaşlı və ya hamilə qadındırsa, dərhal tibbi yardım üçün müraciət edilməlidir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız