Yay aylarında temperaturun kəskin artması xüsusilə kondisioner olmayan evlərdə yaşayan insanlar üçün ciddi çətinliklər yaradır. Şəhər mənzillərində beton və şüşə səthlərin gün boyu istiliyi yığması gecə saatlarına qədər soyuma prosesini ləngidir və bu, ev daxilində “istilik effekti”ni daha da gücləndirir. Nəticədə bir çox ailələr sadə məişət imkanları ilə sərin qalmağın yollarını axtarmağa məcbur olur.
Bəs kondisaner olmadan yayda necə sərinləmək olar?
“Yeni Sabah” xəbər verir ki, ən əsas müdafiə üsulu günəş şüalarının evə daxil olmasının qarşısını almaqdır. Səhər saatlarından etibarən birbaşa günəş alan pəncərələrin qalın pərdə, jalüz və ya işıq keçirməyən parça ilə örtülməsi daxili temperaturu nəzərəçarpacaq dərəcədə aşağı salır. Xüsusilə cənuba və qərbə baxan pəncərələrdə bu tədbir daha effektlidir. pizza
Havanın ən isti olduğu günorta saatlarında pəncərələrin açıq saxlanılması çox vaxt əks effekt verir. Bu zaman isti hava içəri dolur və mənzil daha da qızır. Daha uyğun variant gecə və səhər erkən saatlarda çarpaz ventilyasiya üsulundan istifadədir. Yəni evin iki fərqli tərəfindəki pəncərələrin eyni anda açılması hava axınını gücləndirir və daxili temperaturun düşməsinə kömək edir.
Daxili məkanın soyudulmasında məişət cihazlarının düzgün idarə olunması da vacib amildir. Soba, ütü və digər istilik yaradan avadanlıqların günün sərin saatlarında istifadə olunması tövsiyə edilir. Gün ərzində bu cihazların işlədilməsi evin istilik balansını daha da artırır.
Su istehlakı və bədənin hidratasiyası da istiliklə mübarizənin əsas hissəsidir. Gün ərzində az-az, lakin tez-tez su içmək orqanizmin temperatur tənzimləmə funksiyasını dəstəkləyir. Eyni zamanda, yüngül və nəfəs alan pambıq geyimlərə üstünlük verilməsi bədənin həddindən artıq qızmasının qarşısını alır.
Mütəxəssislər həmçinin ev şəraitində sadə soyutma üsullarını da effektiv hesab edirlər. Məsələn, yaş dəsmalların pəncərə önünə asılması və ya otaqda su qablarının yerləşdirilməsi havanın rütubətini artıraraq istilik hissini azalda bilər. Ventilyatorlardan istifadə zamanı isə onların qarşısına buz və ya soyuq su qoyulması lokal soyutma effekti yaradır.
Gün ərzində ən isti saatlarda fiziki aktivliyin minimuma endirilməsi də sağlamlıq risklərini azaldır. Xüsusilə yaşlılar və xroniki xəstəliyi olan şəxslərin bu dövrdə birbaşa günəş şüalarından qorunması vacib sayılır.
Kondisionersiz yaşayış şəraitində düzgün planlaşdırılmış gündəlik davranışlar və sadə texniki üsullar vasitəsilə yay istilərinin təsirini xeyli azaltmaq mümkündür.
Əsmətxanım Rzazadə
Telegram kanalımız