Son günlər gündəmi vəkil Fərhad Mehdiyevin qızı Zəhranın ölümü ilə bağlı paylaşımlar, görüntülər, fotolar və müxtəlif müzakirələr zəbt edib. Sosial şəbəkələrdə bəlkə də hər üç paylaşımın birində bu hadisədən bəhs olunur. Hər kəs öz mövqeyindən çıxış edir, haqlı iradlar səsləndirir, fərqli fikirlər bildirir. Amma belə məqamlarda nəyin doğru, nəyin yanlış olduğunu qəti şəkildə söyləmək çətindir.
Mənə görə, bu hadisənin mərkəzində duran əsas həqiqət itkidir. Həm də çox ağır bir itki. Düşünürəm ki, övladını itirmiş bir valideyn üçün bütün bu yazıları, şərhləri, müzakirələri oxumaq asan deyil. Bəzən elə təsəvvür yaranır ki, cəmiyyət olaraq ölən insanı da rahat buraxa bilmirik. Onun haqqında hökm vermədən, həyatını və ya ölümünü təhlil etmədən sakitləşə bilmirik.
Bu gün səhər sosial şəbəkədə qarşıma ilk çıxan paylaşım da məhz Fərhad Mehdiyevin yazısı oldu. Bu dəfə o, yas mərasimləri və bəzi dini qaydaların tətbiqi ilə bağlı düşüncələrini bölüşürdü. Oxuduqca düşündüm ki, əslində bu sualları bir çoxumuz özümüzə vermişik. pizza sifarişi
Doğmamızı itirən kimi niyə ilk qayğımız onu mümkün qədər tez yuyub-kəfənləyib torpağa tapşırmaq olur? Hara tələsirik? Niyə insanlara son dəfə sevdikləri ilə vidalaşmaq, baş-başa qalmaq, içində qalan sözləri demək üçün zaman vermirik?
Bu prosesdə ən böyük təsiri çox vaxt ətrafdakı insanlar göstərir. Yəni özünü dost, qohum, yaxın adlandıranlar. Əgər həmin insanlar dini məsələlərə daha çox bağlıdırsa, vəziyyət bəzən daha da sərtləşir. Çünki hər şeyin ən doğru formasını bildiklərinə inanırlar və yas sahibinin fikirləri ikinci plana keçir.
Valideyn üçün övlad itkisi nə qədər ağırdırsa, övlad üçün də valideyn itkisi bir o qədər sarsıdıcıdır. Xüsusilə də valideyn sevgisinin nə olduğunu anlayan övladlar üçün.
Bu fikirləri yazarkən illər əvvəl şahidi olduğum bir hadisə yadıma düşür. Atamın əmisi qızı yol qəzasında dünyasını dəyişmişdi. Balaca qızı da həmin qəzada idi və şükür ki, o sağ qalmışdı. Həmin günü heç vaxt unutmaram. Uşaq anasını görmək üçün sözün əsl mənasında yalvarırdı. Nə qədər “göstərin” desəm də, buna imkan vermədilər. “Olmaz”, “uşaqdır”, “qorxar” kimi fikirlər səsləndirdilər. Amma həmin balaca qızın son dəfə anasının üzünü görmək haqqını da əlindən aldılar. İllər keçsə də, onun o yalvarışları qulağımdan getmir.
Bir neçə ay əvvəl əmimin həyat yoldaşı vəfat edəndə də eyni mənzərənin şahidi oldum. Oğlu əsgərlikdən birbaşa anasının yasına gəlmişdi. Amma ona da son dəfə anasının üzünü göstərmədilər. Səbəb isə o oldu ki, “yaddaşında belə qalmasın”.
Niyə? İnsan nə üçün doğmasının üzünü son dəfə görməməlidir? Niyə bu qərarı onun əvəzinə başqaları verməlidir? Bəlkə həmin övladın anasına demək istədiyi son sözləri vardı? Bəlkə onun heç kimin eşitməsini istəmədiyi bir vidası vardı?
Bəzən yas evlərində insanların sayı o qədər çox olur ki, ən yaxın doğmaları belə öz ağrılarını yaşamağa imkan tapmırlar. Çoxumuz dərk etmirik ki, həmin evdə bir neçə insan həyatının ən ağır gününü yaşayır.
Bir məsələ də dəfnin mümkün qədər tez həyata keçirilməsidir. Hara tələsirik? Torpağın altına daha tez qoymaq ağrımızı azaldırmı, yoxsa yoxluğun yaratdığı boşluğu doldururmu?
Əslində insan itkisinin ağrısını nə tez baş tutan dəfn, nə də uzun təsəlli sözləri yüngülləşdirə bilir. Zaman keçir, həyat davam edir, amma bəzi itkilərin boşluğu heç vaxt tamamlanmır.
Halbuki bəzən insanın ehtiyacı olan tək şey itirdiyi insanla son dəfə ürəyində danışmaq imkanıdır.
Çünki ölümün qarşısında hamımız acizik…
Aydan Hacı
Telegram kanalımız