Ötən tədris ilində Azərbaycanda 200 tələbənin vəfat etməsi təhsil mühitində sosial rifah, təhlükəsizlik və sağlamlıq məsələlərini yenidən gündəmə gətirib. Xüsusilə kollec və orta ixtisas təhsili alan tələbələr arasında ölüm hallarının yüksək olması diqqət çəkir.
Bəs təhsil müəssisələrinin məsuliyyəti yalnız tədris prosesi və akademik göstəricilərlə məhdudlaşır, yoxsa tələbələrin yaşayış şəraiti, təhlükəsizliyi və sosial rifahı da bu məsuliyyətin tərkib hissəsi sayılmalıdır?
Təhsil eksperti Elmin Nuri bu barədə "Yeni Sabah"a açıqlamasında bildirib ki, bu fikirlə razılaşmır: pizza
“Bu məsələ ilə bağlı məlumatın və informasiyanın başqa istiqamətdə paylaşılmasına, məsələn, universitet hadisəsi kimi dəyərləndirilməsi konsepsiyasına qəribə baxıram. Hətta deyərdim ki, bununla razılaşmıram.
Təbii ki, il ərzində vəfat edən tələbələrin hər biri bizim gəncimizdir, onlar bizim üçün dəyərlidir. Hər biri gələcək vəd edən insanlar idi və onların dünyasını dəyişməsi təəssüf doğuran hadisədir. Amma bunun universitet, kollec, peşə təhsili müəssisəsi və ya hər hansı təhsil müəssisəsi ilə əlaqələndirilməsini və cəmiyyət tərəfindən məhz bu cür dəyərləndirilməsini anlaya bilmirəm.
Həmin şəxs tələbədir, lakin universitet daxilində vəfat etməyib, universitetlə bağlı hər hansı hadisənin iştirakçısı olduğu üçün həyatını itirməyib və ya onun vəfatında universitet amilinin hər hansı rolu olmayıb. Bu halda məsələnin niyə xüsusi şəkildə qabardıldığını başa düşmürəm”.
Ekspertin sözlərinə görə, xarici təcrübədə universitetlər xüsusi risk qrupuna aid tələbələri diqqətdə saxlayır, onların sosial və psixoloji problemləri ilə maraqlanırlar:
“Bu, müsbət təcrübədir və tətbiqi faydalı ola bilər. Lakin belə mexanizmlərin olmaması təhsil müəssisəsinin birbaşa məsuliyyəti kimi qiymətləndirilmir. Bunlar daha çox sosial və pedaqoji yanaşmalar çərçivəsində dəyərləndirilən məsələlərdir. Məsələn, universitet yataqxanasında təhlükəsizlik qaydalarının pozulması və ya texniki nasazlıq nəticəsində ölüm hadisəsi baş verərsə, bu artıq təhsil müəssisəsinin məsuliyyət sahəsinə aid məsələdir. Amma digər hallarda universitetlərin adının bu cür hadisələrlə xüsusi şəkildə hallandırılmasını doğru hesab etmirəm”.
Aytac Əliyeva
Telegram kanalımız