“Yaponlar oyundan sonra tribunaları təmizləyir. Bəs, almanlar, türklər təmizləyir? Niyə dərhal azərbaycanlıları yaponlarla müqayisə edirlər?!”
Bunu “Yeni Sabah”a Milli Məclis üzvü Aqil Abbas deyib.
O və digər müsahblər DÇ-2026-da da müşahidə edilən bir bariz nümunəyə münasibət bildirib. Dominos pizza
Söhbət yaponiyalı azarkeşlərin oyundan sonra stadionlarda könüllü təmizlik işlərindən gedir.
Sosial şəbəkələrdə bu mövzu geniş müzakirə olunur, Gündoğan ölkəsi təmsilçilərinin nəcib əməlinə dair fotolar, videoları paylaşılır.
Yazıçı Seyran Səxavət bunu mədəni davranış kimi qiymətləndirib və belə vərdişin Azərbaycanda yoxluğundan gileylənib:
“Yaponlarda bu adətdir. Bu çox yaxşıdır. Azərbaycanda belə şeylər çox azdır, nadir hallarda olur. O gün 4-cü mikrorayonda bir evə qonaq getmişdim, məhəllə çox gözəl idi, nümunəvi məhəllə adalandırmaq olardı, idman qurğuları, oyun meydançaları, yaşıllıqları vardı. Məndə adətdir, həmişə səhər tezdən qalxıb gəzintiyə çıxıram, qonaq olduğum evdə də bunu etdim. Səhər gəzəndə gördüm ki, o cür gözəl məhəllədə hər zibil yerdədir, axşamdan qalma tum qabıqları, sellofanlar, yumurta qabıqları və s.
Ağır olsa da, başa düşürdüm ki, bu, bizim kütlənin portretidir. Sanki həmin tör-töküntülərə baxdıqca, onların üzünə baxırdım... İki cür adam var: ev adamı, evin və çölün adamı. Ev adamı ancaq öz evini təmiz saxlayır, digəri isə həm evini təmiz saxlayır həm də ətrafı öz evi olaraq görür və təmiz saxlayır”.
Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Anar Vəziroğlu isə mövzunu müqayisəli yanaşma ilə şərh edib:
“Müqayisə edəndə bəzi şeylər oxşar görünür, amma əslində böyük fərqlər var. Məsələn, Yaponiya ilə Azərbaycanı bir tutmaq düzgün deyil. Yaponiya inkişaf etmiş bir ölkədir, Azərbaycan isə öz problemləri, çətinlikləri olan bir dövlətdir.
Azərbaycan futbolunda müəyyən irəliləyiş ola bilər, gələcəkdə daha yaxşı nəticələr əldə edilə bilər, hətta böyük klublara yaxınlaşmaq mümkündür. Amma Yaponiya kimi ölkələr artıq dünya səviyyəsində sabit gücə çevrilib.
Mədəniyyət mövzusunda müəyyən oxşarlıqlar ola bilər, amma mədəniyyət insanın daxilindən gələn bir şeydir. Ümumən meydançalar, stadionlar yalnız idman yeri deyil, həm də insanların toplaşdığı, baxışlarını formalaşdırdığı məkanlardır.
Bəzi müqayisələr mənə qəribə gəlir. Məsələn, Yaponiyada stadionlar, təşkilatçılıq və ümumi mədəniyyət fərqlidir. Çində də eyni vəziyyətdir, böyük ölkələrdə xırda problemlər əsas sayılmır, onlar daha böyük məqsədlərə fokuslanır. Çin deyir, dünyaya meydan oxuyuram, Yaponiya da eyni şəkildə öz yerini qoruyur.
İnsan şüuru inkişaf etdikcə dünyaya baxış da dəyişir. Mən bəzi ölkələrə gedəndə fərqi açıq görürəm. Məsələn, Rusiyada, Türkiyədə, İranda insanlarla ünsiyyət daha sərbəstdir. Azərbaycanda isə bəzən münasibətlər daha qapalı olur. Rusiyada tanışlıq daha rahat alınır, insan daha tez ünsiyyət qurur. Məsələn, rus qıza yaxınlaşıb salam verirsən, o da salam verir, yolu səninlə söhbətləşərək gedir, amma Azərbaycanda bir qıza salam versən, heç salamını da almır, deyir, get anana-bacına salam ver”.
Milli Məclisin deputatı Aqil Abbasın fikrincə, müqayisələr bəzən qeyri-obyektiv olur:
“Yaponlar oyundan sonra tribunaları təmizləyir. Bəs, almanlar, türklər təmizləyir? Niyə dərhal azərbaycanlıları yaponlarla müqayisə edirlər?! Yaponlarda bu adətdir. Azərbaycanda da olsa, yaxşı olar. Azərkeşlərimizin mədəniyyətinin aşağı olduğunu deyə bilmərəm. Amma buna dair cərimə mexanizmi hazırda yoxdur”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız