Fransa parlamenti sağalmaz xəstəlikdən əziyyət çəkən bəzi pasiyentlərin tibbi yardım vasitəsilə həyatına son qoymasına imkan verən qanun layihəsini qəbul edib.


"Yeni Sabah" xəbər verir ki, Fransa Milli Assambleyasında keçirilən yekun səsvermədə qanun layihəsi 291 deputatın lehinə, 241 deputatın əleyhinə səs verməsi ilə qəbul olunub.


Yeni qanuna əsasən, yalnız müəyyən şərtlərə cavab verən şəxslər bu hüquqdan yararlana biləcək. Bunlar sağalmaz ağır xəstəlikdən əziyyət çəkən, 18 yaşını tamamlamış Fransa vətəndaşları və ya uzun müddətdir ölkədə qanuni yaşayan əcnəbilərdir. Marqarita pizza


Bunun üçün xəstənin dözülməz ağrılar çəkməsi, qərarı heç bir təzyiq olmadan, öz iradəsi və tam şüurlu şəkildə verməsi əsas şərtlərdən biridir.


Qanuna görə, həyatına son qoymaq istəyən şəxs əvvəlcə həkiminə rəsmi müraciət etməlidir. Əgər xəstənin fiziki vəziyyəti buna imkan verməzsə, prosedur həkim və ya tibb bacısı tərəfindən həyata keçirilə bilər.


Müraciətdən əvvəl xəstənin vəziyyəti və tələbinin qanunda nəzərdə tutulan şərtlərə uyğun olub-olmaması tibbi qiymətləndirmədən keçiriləcək.


Fransa hökuməti qanunun qüvvəyə minməsindən əvvəl sənədi Konstitusiya Şurasına göndərəcək. Şura qanunun Konstitusiyaya uyğunluğunu yoxladıqdan sonra onun qüvvəyə minməsi ilə bağlı son mərhələ başa çatacaq.


Qeyd edək ki, bu qanun layihəsi bundan əvvəl Fransa Senatında üç dəfə qəbul edilməmişdi. Daha sonra hökumət qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərdən istifadə edərək yekun qərarın Milli Assambleya tərəfindən verilməsini təmin edib.


Əsmətxanım Rzazadə



Telegram kanalımız