Yapon mətbəxinin ən maraqlı məhsullarından biri hesab olunan katsuobuşi aylarla davam edən hisləmə, qurutma və fermentasiya prosesindən sonra ağac kimi sərt olur.


"Yeni Sabah" xəbər verir ki, katsuobushi Yaponiyada geniş istifadə olunan ənənəvi qida məhsuludur. İlk baxışdan adi qurudulmuş balıq təsiri bağışlasa da, xüsusi hazırlanma üsulu sayəsində dünyanın ən sərt emal olunmuş balıqlarından biri hesab edilir.


Bu məhsul o qədər sərt olur ki, onu bıçaqla kəsmək mümkün olmur. Buna görə də xüsusi rəndə ilə çox nazik şəkildə yonularaq yeməklərə əlavə edilir. pizza sifarişi


Katsuobushi "skipjack tuna" (zolaqlı orkinos) balığından hazırlanır. Hazırlanması isə aylarla davam edir.


Əvvəlcə balıq təmizlənərək fileto halına salınır və bişirilir. Daha sonra sümükləri çıxarılır, odun tüstüsündə dəfələrlə hislənir. Hər hisləmə mərhələsindən sonra balıq müəyyən müddət saxlanılır və bu proses həftələrlə təkrarlanır. Nəticədə balığın tərkibindəki nəmin böyük hissəsi yox olur.


Ən keyfiyyətli növlərində isə balığın üzərinə xüsusi kif kulturları çəkilir, günəş altında qurudulur və bu proses bir neçə dəfə təkrarlanır. Bütün mərhələlər bəzən altı aya qədər davam edir və sonda balıq son dərəcə sərt hala gəlir.


Katsuobuşini adi mətbəx bıçağı ilə doğramaq mümkün olmadığı üçün Yaponiyada bunun üçün xüsusi rəndədən istifadə edilir. Balıq həmin alətlə nazik laylar şəklində yonulur və əsasən şorba, əriştə və digər ənənəvi yeməklərin hazırlanmasında istifadə olunur.


Əsmətxanım Rzazadə



Telegram kanalımız