“İclasda müzakirə olunan əsas məsələ sədr seçilməsi ilə bağlı qurultayın vaxtını müəyyənləşdirmək idi. Qərar verildi ki, qurultay sentyabrın 11-i saat 12:00-da Nizami Kinoteatrında keçirilsin”.


Bunu “Yeni Sabah”a rejissor Tahir Əliyev (Tahir Tahiroviç) bildirib.


O qeyd edib ki, hazırda İttifaqın İdarə Heyətinin də təklif etdiyi namizəd Xalq artisti Şəfiqə Məmmədovadır: pizza mizza


“Qurultaya qədər Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) sədrlik vəzifəsini birinci katib Şəfiqə Məmmədova idarə edəcək. Lakin Nizamnaməyə əsasən, İttifaqın üzvü olan hər kəs sədrliklə bağlı öz namizədliyini irəli sürə bilər.


Əli İsa Cabbarov bundan qabaqkı qurultayda namizəd idi. Lakin onda yetərsay olmadığı üçün Ədliyyə Nazirliyi nəticəni təsdiq etmədi. Bu dəfə isə özü öz istəyi ilə sədrlik yarışında iştirak etməyəcəyini bildirdi.


Sentyabrın 11-nə qədər nəyinsə dəyişib-dəyişməyəcəyini bilmirəm. Mən də Qurultayda elə namizəd ola bilər ki, səsimi ona verə bilərəm. Yəni Şəfiqə xanımın hazırda yeganə namizəd olması o demək deyil ki, başqa üzvlər bu yarışa qatılmayacaq.


İdarə Heyətinin istənilən qərarına hörmətlə yanaşırıq. Çünki İttifaqı idarə edənlər onlardır. Vaxtilə Əli İsa Cabbarova səs verənlərin bu gün Şəfiqə Məmmədovanı dəstəkləməsi çox normal haldır. Çünki hazırda ortada başqa namizəd yoxdur”.


Kinorejissor bildirib ki, təkcə kinoda deyil, bütün sahələrdə yaşlıların gəncləri sıxışdırması məsələləri var:


“Evdə olan nənə-babadan da görürük ki, insan yaşlandıqca müəyyən kaprizləri meydana çıxır. Onları da qınamaq olmaz. Yəqin ki, onlar belə istəyirlər deyə, belə də olur. Hansısa dövlət təşkilatı olsaydı, belə şeylər olmazdı.


Fikir verirsinizsə, bu gün dövlət müəssisələrində vəzifə tutan xeyli gənc kadrlar var və olduqca peşəkardırlar. İctimai təşkilatlarda isə vəziyyət fərqlidir. Orada konservatorluq var. Xalq artisti, Əməkdar incəsənət xadimləri daha ön plandadır. Bu da, bir növ, mentalitetimizdən asılıdır”.


Xatırlatma: Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Yetərsay olmadığından konfransın nəticəsi qeydə alınmayıb. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun icraçı katibidir. Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini, sədrliyə namizədliyini geri çəkdiyini bildirib.


Aydan Hacı



Telegram kanalımız