Disneyin “Cəngəllik kitabı” filmindəki Mauqli obrazına ilham verdiyi deyilən bu qəribə hadisəyə nəzər salaq.
Dina Sanichar 1867-ci ildə, təxminən 6 yaşında olarkən Hindistanda bir qrup ovçu tərəfindən mağarada canavarlarla birlikdə yaşayarkən aşkar edilib. Onun tamamilə canavar kimi davrandığı bildirilirdi. Daha sonra uşaq evinə yerləşdirilən Sanicharın dörd ayaq üzərində yeridiyi, çiy ət yediyi qeyd olunub.
Uşaq evində ona müxtəlif bacarıqlar öyrədilməsinə baxmayaraq, ömrünün sonuna qədər danışmağı öyrənə bilməyib. Həmçinin paltar geyinməyi sevmirdi. Adi insanların yediyi qidaların qoxusunu bəyənmədikdə həmin yeməklərdən imtina edir, daha çox çiy ət yeyir və sümükləri gəmirirdi. Toyuqlu pizza
Uşaq psixoloqu Ueyn Dennis 1941-ci ildə “The Significance of Feral Man” adlı məqaləsində vəhşi mühitdə böyüyən insanların davranışları barədə yazıb. Onun fikrincə, belə insanlar nizamsız davranışlar nümayiş etdirir və sivil insanların iyrənc hesab etdiyi şeyləri yeyə bilirlər.
Sanichar uşaq evində heyvanların arasında böyüdüyü deyilən başqa bir uşaqla dostlaşıb. Onun orada ünsiyyət qurduğu yeganə insanın həmin uşaq olduğu bildirilir. Sanichar daha sonra burada müasir həyatla bağlı öyrəndiyi yeganə vərdişlərdən biri olan siqaret çəkməyə başlayıb.
İddialara görə, çox siqaret çəkdiyi üçün Sanichar gənc yaşlarında, 1895-ci ildə vərəmdən vəfat edib. Həmin dövrdə Hindistanda heyvanlar arasında böyüdüyü deyilən buna bənzər təxminən 50 uşaq hadisəsinin qeydə alındığı da bildirilir.
Hadisənin ən maraqlı tərəflərindən biri isə onun “Cəngəllik kitabı” ilə əlaqələndirilməsidir.
Rudyard Kiplinqin adını bəlkə də çoxları tanımır. Lakin onun “The Jungle Book” (“Cəngəllik kitabı”) əsərindəki Mauqli obrazı dünya üzrə məşhurdur. Kiplinq ingilis jurnalist, yazıçı, şair və romançı olub.
O, həmin dövrdə Britaniya müstəmləkəsi olan Hindistanda doğulub. Daha sonra təhsil almaq üçün İngiltərəyə gedib və 1882-ci ildə Hindistana qayıdıb. Burada jurnalist kimi fəaliyyət göstərməyə başlayıb. Məşhur “The Jungle Book” əsərini isə 1894-cü ildə yazıb.
Yayılmış bir versiyaya görə, Kiplinq jurnalist işlədiyi dövrdə Dina Sanichar haqqında xəbərləri görüb və bu hadisədən təsirlənərək tamamilə canavarlar tərəfindən böyüdüldüyü deyilən uşağın hekayəsindən Mauqli obrazını yaradıb. Lakin Mauqli obrazının birbaşa Sanichardan ilhamlandığını təsdiqləyən qəti tarixi sübut yoxdur.
Aydan Hacı
Telegram kanalımız