Bu gün mərhum Xalq artisti Yaşar Nurinin 75 illik yubileyidir. O, 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustası olub. 50-yə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada və satirik səhnəciklərdə iştirak edib.


“Yaşarın sənət dostları zəng vurub danışmırlar. İndi elə zəmanədir ki, heç qohum da qohumla danışmır. Hərənin öz problemi var. Vaxtın olmaması ya bəhanədir, ya da həqiqətən də vaxtları yoxdur”.


Bunu “Yeni Sabaha” Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuri deyib. O bildirib ki, mərhum həyat yoldaşının yubileyinin dövlət səviyyəsində qeyd olunmasını gözləyir: pizza sifarişi


“Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından zəng vurmuşdular. Bu gün saat 12-yə qalmış kollektiv Fəxri Xiyabanda Yaşar Nurinin məzarını ziyarət edəcək. Mən də ora gedəcəyəm. Bir də bildirdilər ki, sentyabrın 23-də “Dəli yığıncağı” tamaşası səhnəyə qoyulacaq. Yaşar orada “Sərsəm Salman” obrazını canlandırmışdı. Həmin tamaşa da ona ithaf olunacaq. Bunlar onların Yaşarla bağlı ilk görüşləridir.


Bu gün ad günüdür, amma o demək deyil ki, hansısa tədbiri mütləq bu gün etsinlər. Amma gözləyirəm. Dövlət səviyyəsində keçirilsə, yaxşı olar. Gözləyək, görək necə olur”.


Xatırladaq ki, Yaşar Nuri 1975-ci il noyabrın 28-də Rəhimə Nuri ilə ailə həyatı qurub. Onların bu evlilikdən iki qızı dünyaya gəlib. Ülviyyə Yaşarqızı 2025-ci ildə ürək çatışmazlığından vəfat edib. Ülkər Nuri isə müğənniliklə məşğuldur.


Qeyd edək ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat edib.


Aydan Hacı 



Telegram kanalımız