Son illər Azərbaycanda sosial və güzəştli mənzil layihələri gənc ailələr üçün əsas ümid mənbələrindən biri kimi qiymətləndirilsə də, bu sahədə yaşanan çatışmazlıqlar və şəffaflıqla bağlı iddialar cəmiyyət arasında ciddi narazılıqlar yaradıb.


 


Xüsusilə mənzil seçimi prosesində “müdaxilələr”, “ədalətsiz bölgü”, “şəffaflığın olmaması” ilə bağlı səsləndirilən fikirlər dövlət institutlarına olan etimadı zəiflədən əsas amillər kimi göstərilib.


 


Maraqlıdır, mənzil məsələsinin çətinliyi gənc ailələrdə ailə planlaması, uşaq sahibi olma qərarları kimi demoqrafik göstəricilərə təsir edirmi?


 


Məsələ ilə bağlı sosioloq Mail Yaqub Sfera.az-a açıqlamasında bildirib ki, mənzil probleminin dərinləşməsi artıq ölkənin demoqrafik göstəricilərinə də mənfi təsir göstərir:


 



 


“Şübhəsiz ki, mənzil problemi gənclərin ailə qurmasını əngəlləyir və bu, demoqrafik problemlərə səbəb olur. Son illərdə Azərbaycanda bunun acı nəticələri artıq görünməkdədir, əhali artım tempi azalır. Buna təsir edən amillərdən biri də gənclərin gec evlənməsi və mənzil çətinlikləri ilə üzləşməsidir”.


 


Sosioloqun sözlərinə görə, dövlət sosialyönümlü addımlar atsa da, bəzi şəxslərin müdaxilələri və nəzarətin zəifliyi bu proqramların məqsədlərini kölgə altına alır:


 


“Dövlət sosial yönümlü addımlar atmalı və mənzil probleminin həllində daha fəal rol oynamalıdır. Təəssüf ki, dövlət müəyyən addımlar atsa da, prosesə müdaxilə edən bəzi işbazlar bu planları pozur, çünki kifayət qədər nəzarət mexanizmi yoxdur. Nəticədə sosial mənzillər əsl ehtiyac sahiblərinə çatmır”.


 


M.Yaqub güzəştli mənzillərin bölgüsündə şəffaflığı artırmaq üçün yeni mexanizmlərin mütləq tətbiq edilməsinin vacibliyini vurğulayıb:


 


“Mütləq bu sahədə ciddi nəzarət olmalıdır. Yeni və daha səmərəli mexanizmlər yaradılmalıdır. Mənzilləri tikmək bir məsələdirsə, onları ədalətli şəkildə bölmək tamam başqa məsələdir. Hazırda mənzillər tikilsə də, bölgüdə şəffaflıq və ədalət çatışmır və ən çox ehtiyacı olan ailələr mənzildən kənarda qalırlar. Bu səbəbdən dövlətin prosesə daha ciddi müdaxiləsi vacibdir. Liberal bazar qaydaları hər zaman ədalətin tərəfində olmur. Ədalətin təmin edilməsi isə birinci növbədə dövlətin məsuliyyətidir və onun əsas vəzifələrindən biridir”.


 


Ekspertin sözlərinə əsasən, daha ədalətli bölgü sistemi həm sosial etimadı artıracaq, həm də gənc ailələrin gələcək planlarına müsbət təsir göstərəcək.


 


Bəsti Rəfizadə


Sfera.az