Bayram günləri yaxınlaşdıqca ölkənin müxtəlif bölgələrində yerləşən hotellərə və istirahət mərkəzlərinə tələbat nəzərəçarpacaq dərəcədə artıb. Yeni ili bölgələrdə qeyd etmək istəyən vətəndaşların sayının çoxalması qiymətlərə də birbaşa təsir göstərib.
Hazırda həm şimal bölgəsində, həm də Qəbələ, İsmayıllı, Lənkəran və Bakı ərazisində yerləşən bir çox hoteldə bayram günləri üçün yerlər sürətlə dolur, qiymətlər isə adi günlərlə müqayisədə xeyli yüksəlib.
Sfera.az həm bölgələrdə, həm də şəhər daxilində yerləşən məşhur hotellərin bayram qiymətlərini araşdırıb.
Araşdırmaya əsasən, Quba bölgəsində yerləşən “Quba Palace Hotel & Golf Resort” iki nəfər üçün bir gecəlik qalmanı 255 manata təklif edir. Hotel spa və sağlamlıq mərkəzi, açıq hovuz, sauna, türk hamamı, fitnes zalı və geniş idman infrastrukturu ilə seçilib. Qonaqlar üçün milli və Avropa mətbəxlərini təqdim edən restoranlar və müxtəlif əyləncə növləri mövcuddur. Quba istiqamətində daha münasib qiymətə istirahət etmək istəyənlər üçün “Macara Lake Park” oteli 180 manata gecələmə təklif edib.
Bu hoteldə qapalı hovuz, sauna, spa, fitnes mərkəzi, balıqçılıq, stolüstü tennis və digər fəaliyyətlər mümkündür. Dağ mənzərəli otaqlar və müxtəlif növ səhər yeməyi seçimlərinin olması bu hoteli daha çox ailələrin seçiminə çevirib. Qəbələ bölgəsi ən yüksək qiymətlərin müşahidə edildiyi istiqamətlərdən biridir.
Xüsusilə “Qafqaz Tufandağ Mountain Resort Hotel” Yeni il günləri üçün qiymətləri 427 manata qədər yüksəldib. “Qafqaz Riverside Hotel”də gecələmə 318 manat, “Qəbələ Karvansaray Hotel”də isə 225 manat təşkil edib. Tələb yüksək olduğu üçün bu hotellərdə yerlərin böyük hissəsi artıq rezervasiya olunub.
İsmayıllı bölgəsində qiymətlər nisbətən daha münasibdir. “Castle Resort & Spa” otelində iki nəfərlik gecə 133 manat olduğu halda, daha yüksək kateqoriyalı “İstisu Vadisi Spa” hotelində qiymətlər 294 manata qədər yüksəlir. Bu bölgəyə marağın artması daha çox təbiət mənzərələri, sakitlik və termal spa imkanları ilə əlaqələndirilib. Cənub bölgəsinə üz tutanlar üçün Lənkərandakı hotellər də maraq doğurur.
“Lankaran Springs Wellness Resort”da qiymətlər 162 manatdan başlayır. Termal su ilə bağlı xidmətlər və spa xidmətləri bu oteli regionda ən çox seçilənlərdən edir. Daha münasib variant axtaranlar üçün “Hirkan Park Hotel”də qiymətlər 127 manatdan başlayır.
Paytaxtda yerləşən hotellər də bayram günləri üçün qiymətlərini yüksəldib. Bakıdakı beynəlxalq brendlərin təklif etdiyi paketlərdə həm konsert proqramları, həm də spa xidmətləri daxil olur.
“Four Seasons Hotel Baku”da bir gecəlik qiymət 300-900 manat arasında dəyişir. Hətta qiymət daha da artır. “Fairmont Baku” otelində bu rəqəm 250-700 manat, “JW Marriott Absheron”da 220-600 manat, “Hilton Baku”da isə 140-450 manat təşkil edib. “Baku Marriott Hotel Boulevard” kimi otellər isə 120-350 manat aralığında qiymət təklif edib.
Aparılan ümumi araşdırma göstərir ki, bayram günləri üçün hotellərdə doluluq səviyyəsi 80-100 faiz arasında dəyişir və bu da qiymətlərin ilin digər dövrləri ilə müqayisədə əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Müşahidələrə əsasən, Yeni ili bölgələrdə qarşılamaq istəyənlərin sayı hər il artır və bu da həm turizm sektorunun hərəkətlənməsinə, həm də qiymətlərin yüksəlməsinə gətirib çıxarır.
Bəsti Rəfizadə
Sfera.az