Fransa Prezidenti Emmanuel Makron beynəlxalq nizamın dağılma riski barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, onilliklərdir dünyada sabitlik və sülhün təmin edilməsinə xidmət edən beynəlxalq sistem hazırda ciddi təhdidlə üz-üzədir.
Makron bu bəyanatı hansı əsaslara söykənərək səsləndirib? Hazırda dünyanı hansı təhlükələr gözləyir?
Sfera.az-a mövzu ilə bağlı açıqlama verən politoloq Elçin Xalidbəyli hazırda qlobal düzənin sürətlə dəyişdiyini, mövcud beynəlxalq hüquq normalarının isə əvvəlki təsir gücünü əhəmiyyətli dərəcədə itirməyə başladığını bildirib.
Politoloqun sözlərinə görə, bunun əsas səbəblərindən biri Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədir: “Bu proses həm beynəlxalq hüququn nüfuzunu sarsıdır, həm də uzun illər formalaşmış dünya nizamının dağılmasına zəmin yaradır:
"Müstəqil bir dövlətin ərazisinin faktiki olaraq Rusiya tərəfindən zəbt edilməsi və bu fonda ABŞ-nin, xüsusən də Donald Tramp administrasiyasının həmin işğalı dolayısı ilə legitimləşdirməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Bu vəziyyət BMT-nin rolunu demək olar ki, mənasızlaşdırır. Artıq böyük güclər BMT-nin qəbul etdiyi və ya edəcəyi qətnamələri icra etmək niyyətində görünmür”.
E.Xalidbəyli əlavə edib ki, əgər Tramp administrasiyası yeni sülh planını rəsmiləşdirib Ukraynaya və Avropa İttifaqına təzyiq yolu ilə qəbul etdirməyi bacarsa, bu, dünyada indiyə qədər mövcud olmuş hüquqi və siyasi prinsiplərin ikinci plana keçməsi ilə nəticələnəcək:
“Belə olan halda, istənilən ölkə qonşu dövlətin ərazisinə iddia edib hərbi yolla onu öz sərhədlərinə birləşdirməyə cəhd göstərmək üçün nümunə qazanmış olacaq. Bu isə qlobal miqyasda yeni və təhlükəli bir xaos dalğasının yaranması riskini artırır”.
O digər tərəfdən, ABŞ-nin uzun illər ərzində formalaşmış “kollektiv Qərb” anlayışını da sarsıtmağa başladığını qeyd edib:
"Aİ ölkələrinin əsas müttəfiqi kimi çıxış edən Vaşinqton artıq bəzi məqamlarda Avropa İttifaqı ilə rəqabət aparan oyunçu obrazına bürünür. ABŞ-nin Avropa təhlükəsizlik sistemindən tədricən çəkilməsi ümumi Qərb müdafiə mexanizmini ciddi risk altında qoyur. Eyni zamanda, Vaşinqtonun son davranışları NATO daxilində də narahatlıq doğurur və Alyansın davamlılığı ilə bağlı suallar artır. Nəticədə, ABŞ-yə olan etimad həm Avropada, həm də bütövlükdə Qərb blokunda ciddi şəkildə zəifləyib. Bütün bu proseslər yeni qlobal təhlükəsizlik arxitekturasının formalaşması ehtiyacını gündəmə gətirir. Mövcud dünya nizamının əvvəlki kimi sabit və təsirli şəkildə qalacağına dair inam isə getdikcə azalır”.
Fidan Hacızadə
Sfera.az