Rusiyalı siyasətçi və dünya şöhrətli şahmat ustası Harri Kasparov Avropaya sərt xəbərdarlıq edib. O bildirib ki, Avropada artıq “3-cü dünya müharibəsi” gedir və Rusiya Prezidenti Vladimir Putinin niyyətləri bu münaqişəni daha da genişləndirərək, hətta “4-cü dünya müharibəsinə” səbəb ola bilər.
Kasparov vurğulayıb ki, Putinin məqsədi Soyuq Müharibədəki məğlubiyyətin intiqamını Qərbdən almaqdır. Siyasətçinin fikirlərinə görə, bu, hələ yalnız söz deyil, real təhlükə kimi qiymətləndirilir.
Siyasətçinin dediklərinə əsasən, həqiqətən 3-cü dünya müharibəsi gedir? Avropa ilə Rusiya arasında müharibə baş verəcək?
Mövzu ilə bağlı politoloq Kazım Kazımov Sfera.az-a açıqlama verib. O bildirib ki, Kasparovun bu çağırışı bir növ Avropanın yaşadığı narahatlıqları dilə gətirir:
"Dünyaca məşhur şahmatçı Harri Kasparov uzun illərdir Rusiya siyasətində müxalif mövqeyi ilə seçilir. Kasparovun bu çağırışı bir növ Avropanın yaşadığı narahatlıqları dilə gətirir, çünki o yaxşı bilir ki, müharibə dayandırıldıqdan sonra Putin Rusiyada daha da sərtləşəcək və öz müxaliflərinə qarşı daha sərt addımlar atacaq”.
Politoloqun sözlərinə görə, Kasparov şöhrətindən istifadə edərək Rusiyanın ciddiyətini Avropaya izah etməyə çalışır:
“Kasparov çalışır ki, Avropa Ukrayna cəbhəsində vəziyyətin ciddiliyini başa düşsün. Müharibə nə qədər uzansa, Putinin zəif şəkildə müharibədən çıxması həm onun özünə, həm də Rusiyada müxalifətə fayda verə bilər. Kasparov dünyaca şöhrətli şəxs kimi bu nüfuzundan istifadə edərək çağırışını bütün Avropaya ünvanlayıb. H.Kasparovun çıxışı sadəcə mətbuatda yer tapacaq, çünki vəziyyət düşündüyümüzdən daha ağırdır. Vaşinqton və Avropa arasında ciddi fikir ayrılıqları mövcuddur. Amerika müharibəni sürətli və Putinin istədiyi şəkildə bitirməyə çalışır, Avropa isə münaqişənin davam etməsini və Ukraynanın qalib gəlməsini istəyir. Lakin resurs məsələsində ABŞ Avropanı dəfələrlə üstələyir”.
Politoloq İlyas Hüseynov isə bildirib ki, Kasparov həmişə siyasi səhnədə diqqət çəkmək üçün sərt və qıcıq doğuran fikirlər söyləyir:
“Onun bəyanatları tez-tez rezonans doğurur, lakin həqiqət bundan ibarətdir ki, hazırda Rusiya ilə Ukrayna arasında gedən müharibəni illər sonra “üçüncü dünya müharibəsi” adlandıranlar da tapılacaq. Dünya artıq parçalanmaqda və fraqmentasiyaya məruz qalmaqdadır; müxtəlif bloklar, regional hərbi təşkilatlar yaranır ki, bu da bloklararası mübarizəni gücləndirir. Bu baxımdan, siyasi, iqtisadi, texnoloji və ideoloji qruplara bölünmüş dövlətlər həm də çağdaş müharibələrin əsasını təşkil edir”.
Ekspertin sözlərinə əsasən, hazırkı vəziyyəti Dördüncü Dünya Müharibəsi adlandırması isə paradoksal səslənir:
"Üçüncü dünya müharibəsi elan edilmədən birbaşa Rusiyanın Avropaya hücumu, hazırkı kontekstdə Dördüncü Dünya Müharibəsi adlandırılması paradoksal səslənir. Əgər üçüncü dünya müharibəsinin artıq getdiyi qənaətinə gəlsək, Rusiyanın Avropaya hərbi müdaxiləsi həm bəşəriyyət üçün böyük dağıntılar və fəlakətlərlə nəticələnə bilər, həm də ciddi geopolitik böhrana səbəb olar. Adların, yəni üçüncü, dördüncü, beşinci dünya müharibəsi fərqi olmasa da, belə bir ssenari həqiqətən də dünya miqyaslı müharibəyə çevrilə bilər. Xoşbəxtlikdən, dünyanın rasional düşünən kütləsi, sağlam təfəkkürə malik insanlar bu qorxunc ssenarinin baş verməməsi üçün əlindən gələni edəcəklər”.
Bəsti Rəfizadə
Sfera.az