Sağlam qidalanma qaydalarına əməl etmək vacib olsa da, bəzi faydalı qidaların həddindən artıq istehlakı bədən üçün gözlənilməz risklər yarada bilər.
Sfera.az xəbər verir ki, xüsusilə qoz-fındıq, yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar və meyvələrin normadan artıq qəbulu həm həzm sisteminə, həm də mineral balansına mənfi təsir göstərə bilər. Badam, fındıq, günəbaxan tumu və digər toxumların tərkibində olan fitik turşusu mineralların sink, kalsium, mis və dəmirin sorulmasını zəiflədə bilər.
Qoz-fındığın yüksək kalorili olması isə artıq çəki artımına gətirib çıxarır. Yaşıl yarpaqlı tərəvəzlər, xüsusilə ispanağın tərkibindəki oksalat böyrək daşları riskini yüksəldir. Araşdırmalarda qeyd olunur ki, oksalatlı qidaların çox qəbul edilməsi böyrək fəaliyyətinə əlavə yük yaradır. Bəzi meyvə və tərəvəzlərin həddindən artıq yeyilməsi də bədəndə pestisid qalığının yüksəlməsinə səbəb ola bilər. Bundan əlavə, sağlam yağlarla zəngin olan avokado, qoz-fındıq, toxumlar və tam taxılların yüksək miqdarda qəbulu enerji balansını pozaraq piylənmə riskini artırır.
Ekspertlərin fikrincə, sağlam qidalanma yalnız faydalı məhsulların seçilməsindən ibarət deyil. Balans, müxtəliflik və miqdar da ən azı həmin qədər əhəmiyyətlidir. Mütəxəssislər qidaların dəyişkən formada istehlakını, xüsusilə qoz-fındıq və paxlalıların isladılaraq hazırlanmasını, gündəlik rasionda normanın qorunmasını tövsiyə edirlər. Qidalanma üzrə aparılan araşdırmalar göstərir ki, çox və sağlam anlayışları hər zaman uyğunluq təşkil etmir.
Fidan Hacızadə
Sfera.az