Ucuz smartfonlar son illərdə xüsusilə gənclər və büdcəsinə diqqət edən istifadəçilər arasında populyarlaşıb. Bu smartfonlar gündəlik istifadədə büdcəyə uyğun seçim kimi görünsə də, uzunmüddətli performans və təhlükəsizlik baxımından istifadəçilər üçün hansı riskləri yaradır?
Sualımızı cavablandıran informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Sfera.az-a bildirib ki, bu kimi hallarda ən çox rast gəlinən məsələ performansla bağlıdır.
Onun sözlərinə görə, belə telefonlar adətən zəif texniki göstəricilərlə istehsal olunur və bu da bir müddətdən sonra telefonun ləng işləməsinə, tez-tez donmasına və gündəlik istifadədə narahatlıq yaratmasına səbəb olur:
“Bir il əvvəl normal işləyən cihaz zaman keçdikcə ən sadə tətbiqlərdə belə çətinlik yarada bilir. Təhlükəsizlik baxımından risklər isə daha gözə görünməz, amma daha təhlükəlidir. Ucuz telefonların bir çoxu proqram yeniləmələrini gec alır və ya ümumiyyətlə almır. Nəticədə təhlükəsizlik boşluqları bağlanmır və telefon viruslar, zərərli tətbiqlər və fişinq hücumları üçün daha açıq vəziyyətdə qalır. Xüsusilə bank tətbiqlərindən istifadə edən insanlar üçün bu böyük risk deməkdir, çünki kart məlumatları asanlıqla ələ keçirilə bilər”.
Mütəxəssis qeyd edib ki, başqa bir problem isə məxfiliklə bağlıdır:
“Bəzi ucuz modellərdə əvvəlcədən quraşdırılmış, nə işə yaradığı aydın olmayan tətbiqlər olur. Bu proqramlar istifadəçinin xəbəri olmadan məlumat toplaya, kontaktlara və ya digər şəxsi məlumatlara çıxış əldə edə bilər. İstifadəçi bunu hiss etməsə də, məlumatlar arxa planda ötürülə bilər. Bu səbəbdən belə telefonları seçənlər bir neçə məqama diqqət etməlidir. Tanınmış brendlərə üstünlük vermək, telefonun hansı müddət yeniləmə alacağını araşdırmaq və tətbiqləri yalnız rəsmi mağazalardan yükləmək vacibdir. Lazımsız icazələri bağlamaq, telefonun təhlükəsizlik ayarlarını aktiv saxlamaq və bank əməliyyatları üçün əlavə qoruma üsullarından istifadə etmək çox önəmlidir”.
Niyaz Hacıyev
Sfera.az