"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulmasına start verib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin Naxçıvan hissəsini təşkil edən 188 kilometrlik dəmir yolu xətti üzrə layihələndirmə işləri artıq tamamlanıb. Yeni xəttin inşasının nə vaxt başa çatacağı isə hələlik məlum deyil, çünki proses bir çox texniki komponentlərdən asılıdır.
Görülməmiş işləri də nəzərə alsaq, Zəngəzur dəhlizinin ən tez hansı tarixə qədər tam hazır ola biləcəyi barədə proqnoz nədir?
Milli Məclisin deputatı Hikmət Babaoğlu bu barədə Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan Dəmir Yolları QSC-nin Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolu infrastrukturunun yenidən qurulmasına başlaması Zəngəzur dəhlizi istiqamətində atılan ikinci mühüm addım kimi qiymətləndirilməlidir:
“Birinci əhəmiyyətli addım isə Ağbəndə qədər dəmir yolunun inşasının həyata keçirilməsi və artıq yekunlaşmaq üzrə olmasıdır. Bununla belə, məsələ təkcə yolun çəkilməsi ilə bitmir, dəmir yollarının qarşılıqlı inteqrasiyası da vacibdir. Naxçıvanın 188 kilometrlik hissəsi bərpa edildikdən sonra, İrəvana doğru uzanan, Arazdəyən–Sədərək–Vedi xətti üzrə Türkiyəyə keçən dəmir yolunun da yenidən qurulması tələb olunur. Lakin bu marşrutun böyük bir qismi hazırda işğaldan azad olunmuş ərazilərdən keçir və həmin hissələrin bərpası zəruridir. Qalan 40–50 kilometrlik məsafədən danışarkən əsasən Zəngəzur dəhlizindən keçəcək 42 kilometrlik xətt nəzərdə tutulur. Təxminən 5–6 kilometrlik digər hissə isə Sədərəkdən Arazdəyənə, ordan da Vedi istiqamətinə uzanan yolun bərpasını ehtiva edir”.
H.Babaoğlu bu işlərin görülmə müddəti barədə fikir formalaşdırmağa imkan verən praktiki təcrübənin mövcud olduğunu əlavə edib:
Deputat Horadizdən Ağbəndə qədər olan təqribən 200 kilometrlik yolun 3 il ərzində inşa olunduğunu xatırladıb:
“Bu isə Azərbaycan Dəmir Yollarının tikinti briqadalarının ildə 50 kilometrlikdən artıq yol çəkmək imkanına malik olduğunu göstərir. Buna əsasən 42 kilometrlik hissənin cəmi bir ilə tamamlanması mümkündür. Prezidentin də qeyd etdiyi kimi, bu iş Azərbaycan şirkətlərinə həvalə olunarsa, layihə 1 ilə başa çatdırıla bilər. Beləliklə, ən gec 2027-ci ildə tikintinin yekunlaşdırılması, 2028-ci ildən isə dəmir yolunun istismara verilməsi real görünür. Bunun üçün vacib şərtlərdən biri budur ki, dəmir yoluna paralel bütün kommunikasiya xətləri, avtomobil yolu və enerji infrastrukturu eyni və ya bitişik ərazilərdən keçməlidir. Əks halda, Ermənistanın baş naziri Nikol Paşinyanın iddia etdiyi kimi, dəmir yolu bir yerdən, avtomobil yolu başqa istiqamətdən keçərsə, layihənin effektivliyi azalacaq, tranzit marşrutu kimi Zəngəzur dəhlizinin iqtisadi məzmunu zəifləyə bilər”.
Fidan Hacızadə
Sfera.az