ABŞ dövlət katibinin müavini Maykl C. Riqas ilə İraqın xarici işlər naziri Fuad Hüseyn arasında keçirilən görüşdən sonra Vaşinqton bir daha İrana bağlı silahlı qrupların ləğv edilməsinin vacibliyini vurğulayıb.
Açıqlamada bildirilib ki, Dövlət katibi Marko Rubionun əvvəlki bəyanatlarında da qeyd olunduğu kimi, ABŞ İranda dəstəklənən və İraqın suverenliyini zəiflədən, həm amerikalılar, həm də iraqlılar üçün təhlükə yaradan, eləcə də ölkənin sərvətlərini Tehran uğrunda istifadə edən silahlı qrupların zərərsizləşdirilməsinin zəruriliyi barədə açıq danışmağa davam edəcək. İraq ABŞ-nin bu tələblərini yerinə yetirməyə nə dərəcədə qadirdir və Vaşinqtonun çağırışı əslində hansı məzmunu özündə ehtiva edir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Tural İrfan bildirib ki, əslində, İraqın vaxtilə işğal edilməsi və milyonlarla insanın həlak olmasında hazırkı İran rejiminin də müstəsna rolu olub:
“İran düşünürdü ki, ABŞ-nin İraqı işğal etməsi nəticəsində ölkədə xaos yaranacaq, ABŞ ordusu uzun müddət orada qala bilməyəcək və Sovet qoşunlarının Əfqanıstandan çıxmağa məcbur olduğu kimi geri çəkiləcək. Beləliklə, onların boşaltdığı yeri İran doldura biləcəkdi. Bu plan reallaşmasa da, İran İraqdakı təəssübkeş, məzhəbçi qruplardan sui-istifadə edərək terror təşkilatları və əhaliyə təzyiq göstərən dəstələr yaratdı. Məqsəd əvvəlcə İraqı ideoloji cəhətdən işğal etmək idi. Bu qruplar İraqda yerləşərək İranın siyasi və ideoloji maraqlarına xidmət edir, Bağdad üçün ciddi problemlər yaradırdılar. İraqın rəsmi dairələri də gördü ki, İran ölkəyə yalnız zərər vurur və əhalinin dini-məzhəbi bağlılığından İraqın özünə qarşı istifadə edir. Livanda olduğu kimi, İraqın suverenliyi də məhz bu qruplar vasitəsilə zəiflədilir. ABŞ-nin İraqa müdaxiləsinin əsas şərtlərindən biri ölkədə demokratiyanın qurulması idi. İran isə işğalın ilk mərhələsində ABŞ-yə dəstək versə də, sonradan demokratik dəyərlərə qarşı çıxaraq İraqda inqilab hazırlayıb teokratik rejim qurmağı hədəflədi. Bunu isə müxtəlif partiya adı altında yaratdığı radikal təşkilatlar vasitəsilə həyata keçirməyi planlaşdırır”.
T.İrfan hazırda İraq hakimiyyətinin öz suverenliyini qorumaq, müstəqil qərar və qanunlar qəbul etmək üçün İranın bütün dayaqlarını neytrallaşdırmalı olduğunu əlavə edib:
“Vaşinqton bunu tələb etməsə belə, İraq milli maraqları naminə bu addımı atmağa məcburdur. Doğrudur, İrana bağlı qruplar və məzhəbçi çevrələr əldə etdikləri səlahiyyətləri itirmək qorxusu ilə silahlı müqavimətə, hətta terrora cəhd göstərə bilərlər. Lakin İraq hakimiyyəti bu mövzuda əhalini siyasi baxımdan maarifləndirməlidir. Bununla yanaşı, ABŞ-nin da öz regional maraqları var. İranın dayaqlarının zəiflədilməsi həm də İsrailin təhlükəsizliyini təmin etməyə hesablanıb. Artıq Yəməndə də silahlı qarşıdurmalar başlayıb və İrana bağlı Husilərin taleyinin həll edilməsi üçün müxtəlif qruplar arasında mübarizə intensivləşib. İranın İraq, Livan və Yəməndəki proksi qüvvələrini sıradan çıxarmaq, nəticədə isə Tehrana qarşı həlledici müdaxiləyə başlamaq istiqamətində hazırlıqlar gedir. Bu, təbii ki, ABŞ-nin geniş strategiyasının bir hissəsidir. Bununla belə, İraq da öz mövqeyini açıq şəkildə ortaya qoymalı, suverenliyini qorumaq üçün lazım gələrsə beynəlxalq dəstək tələb etməlidir. Ölkəni hərbi poliqona çevirməmək üçün dövlət rəsmiləri vahid xətt müəyyənləşdirməlidir. Əgər İraq hökuməti İrana bağlı silahlı qrupların fəaliyyətinin qarşısını almasa, İsrail bu bəhanə ilə və ABŞ-nin dəstəyi ilə hərbi müdaxiləyə əl ata bilər. Odur ki, Livan hökuməti kimi İraq da İrana bağlı qrupların fəaliyyətinin dayandırılması istiqamətində ciddi mübarizəyə başlamağa məcburdur”.
Fidan Hacızadə
Sfera.az