Uşaqların ən çox izlədiyi məzmunlardan biri olan cizgi filmləri barədə aparılan xarici elmi araşdırmalar bəzi riskləri gündəmə gətirib.
Sfera.az bildirir ki, tədqiqatlara əsasən, sürətli kadr keçidlərinə, reklam yüklü məzmunlara və zorakılıq səhnələrinə malik cizgi filmləri uşaqların davranış və diqqətinə mənfi təsir göstərə bilər. Massaçusets və Virciniya universitetlərinin apardığı araşdırmalarda sürətli tempdə olan cizgi filmlərinə cəmi 9 dəqiqə baxan kiçik yaşlı uşaqların icraedici funksiyalarında diqqət toplama, planlama və tapşırıq yerinə yetirmə bacarıqlarında dərhal zəifləmə müşahidə olunub.
Alimlər bunu uşağın beyninin sürətli vizual axına uyğunlaşmağa çalışması ilə əlaqələndirirlər. Həmçinin zorakılıq göstərən animasiya məzmunlarının uşaqlarda aqressiv davranış meyillərini artırdığını ortaya qoyur. Bildirilib ki, uşaqlar cizgi qəhrəmanlarının davranışını müşahidə edərək onları təqlid etməyə meyillidirlər və bu, real həyatda daha sərt reaksiya və hiperaktivliklə nəticələnə bilər.
Bununla yanaşı, reklam xarakterli personajların və cizgi qəhrəmanlarının iştirakı ilə təqdim olunan fast-food və şirniyyat reklamları uşaqlarda qeyri-sağlam qidalara tələbatı artırır, bu isə gələcəkdə artıq çəki və piylənmə riskini yüksəldə bilər.
Fidan Hacızadə
Sfera.az