Avropa paytaxtlarında ABŞ-nin Ukrayna ilə bağlı apardığı danışıqlar dərin narahatlıq yaradıb.
Sfera.az xəbər verir ki, “Der Spiegel” və “The Wall Street Journal” nəşrlərinin yaydığı məlumatlara görə, avropalı liderlər ABŞ Prezidenti Donald Trampın Moskva–Kiyev xəttində həyata keçirdiyi sürətli danışıqlardan kənarda qalmaqdan narahatdır və Vaşinqtonun mövqeyinin Ukraynanın ziyanına dəyişəcəyi ehtimalını ciddi şəkildə müzakirə edir.
Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron Zelenski ilə bu həftə apardığı telefon danışığında açıq xəbərdarlıq edib:
“ABŞ, Ukraynanı satmağa hazırlaşa bilər. Vaşinqtonla hər hansı razılaşmaya getməzdən əvvəl güclü təhlükəsizlik zəmanətləri almalısınız”.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, İtaliya Baş naziri Corciya Meloni, Polşa Baş naziri Donald Tusk, Danimarka lideri Mette Frederiksen, Norveç Baş naziri Yonas Qar Stere, NATO Baş katibi Mark Rutte və digər liderlərin qatıldığı çoxformatlı telekonfransın yayılmış qeydiyyatlarında Avropanın mövqeyi açıq görünür.
Almaniya Kansleri Fridrix Mers Zelenskiyə belə xəbərdarlıq edib:
“Qarşıdakı günlərdə diqqətli olun. Onlar sizinlə və bizimlə qəribə oyun oynayırlar”.
ABŞ-yə yaxınlığı ilə tanınan Finlandiya Prezidenti Aleksander Stubb da Vaşinqtonun mövqeyini tənqid edərək deyib ki, Avropa “Ukraynanı müəyyən şəxslərin əlində buraxmamalıdır” və prosesə müdaxilə etməlidir.
NATO Baş katibi Mark Rutte də Stubbla razılaşaraq Kiyevin “bu adamlardan qorunmalı” olduğunu bildirib.
Avropa ölkələri Vaşinqtonun Moskva və Kiyevlə apardığı barış danışıqlarından Aİ-ni tam kənarda saxlamasından və prosesi “yüksək sürətlə” irəli aparmasından narazıdır. Həmçinin ABŞ-nin mümkün sülh sazişinin pozulacağı halda Rusiyanın yenidən hücuma keçəcəyi təqdirdə necə reaksiya verəcəyi ilə bağlı heç bir təminat təqdim etməməsi Avropanın narahatlığını daha da artırır.
Bu arada Kremlin mövqeyi də sərtləşib. Vladimir Putinin müşaviri Yuri Uşakov “Zvezda” kanalına açıqlamasında bildirib ki, Avropanın təklifləri artıq keçərli deyil. Onun sözlərinə görə, Avropanın yeganə müzakirə tərəfi ABŞ-dir.
Digər mübahisə mövzusu isə Rusiyanın dondurulmuş aktivləridir.
“Bloomberg” yazır ki, ABŞ bu aktivlərin Ukrayna üçün “təzminat krediti” kimi istifadəsinə qarşı çıxır və Avropa ölkələrinə “fondlara toxunmayın” mesajı verir. Vaşinqton bu vəsaitləri Moskva ilə mümkün gələcək sülh danışıqlarında rıçaq kimi saxlamaq niyyətindədir.
Vaşinqtonun ilk sülh planı layihəsində Rusiyanın dondurulmuş aktivlərindən 100 milyard dolların Ukraynanın bərpasına yönəldilməsi nəzərdə tutulub.
Avropalı liderlərin ümumi narahatlığı isə dəyişməzdir:
ABŞ-nin Ukrayna siyasəti qeyri-müəyyəndir və Vaşinqtonun atdığı addımlar Kiyevin ziyanına ola bilər.
Bəsti Rəfizadə
Sfera.az