Fransa ordusu Bretanya sahillərində yerləşən “İle Longue” nüvə sualtı qayıqları bazası üzərində uçan beş pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Sfera.az xəbər verir ki, Müdafiə Nazirliyi insidentin cümə axşamı axşam saatlarında baş verdiyini təsdiqləyib.
Müdafiə naziri Katrin Votren cümə günü açıqlamasında bildirib ki, naməlum mənşəli PUA-lar atəş açılmadan, xüsusi siqnal kəsicilər vasitəsilə təsirsiz hala gətirilib. Nazir əlavə edib ki, Fransada bütün hərbi obyektlərin üzərində uçuşlar qəti şəkildə qadağandır.
Hadisə Avropada son aylarda artan, kim tərəfindən göndərildiyi bilinməyən pilotsuz uçuş aparatları fonunda ölkədə təhlükəsizlik narahatlığını daha da artırıb. Qitənin müxtəlif ölkələrində PUA-ların hava limanlarının fəaliyyətinə müdaxilə etməsi və hərbi obyektlər üzərində görünməsi Avropa təhlükəsizlik qurumlarında ciddi həyəcan yaradıb.
Müdafiə Nazirliyi qeyd edib ki, “İle Longue” bazasının şəxsi heyəti mövcud təhlükəsizlik protokollarına uyğun olaraq sürətli və koordinasiyalı reaksiya göstərib.
Finister sahilləri yaxınlığında yerləşən “İle Longue” hərbi bazası Fransanın nüvə strategiyasının əsas elementi olan strateji sualtı qayıqların yerləşdiyi ərazidir.
Bəsti Rəfizadə
Sfera.az