Ədalətli sülhə əsaslanaraq biz Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq.
Sfera.az xəbər verir ki, bunu Qətərdə keçirilən “Doha Forumu”nda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, yaxın vaxtlarda imzalanan bir çox sülh razılaşmaları nəticəsiz qalıb, çünki razılaşmalar imzalandıqdan sonra tərəflər özlərini komfort zonasında hiss edir.
"Azərbaycan və Ermənistan isə bu vəziyyətdən yayınmağa çalışır. Hər iki tərəf anlayır ki, sülh üzüyuxarı istiqamətdə bir prosesdir və buna görə də çox çalışmaq lazımdır”, - deyə Hikmət Hacıyev bildirib.
Hacıyev əlavə edib ki, hər iki paytaxt rəsmiləri müxtəlif kanallar vasitəsilə mütəmadi əlaqə saxlayır və iki ölkə arasında əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsi üçün səylə çalışırlar.
Firuzə Əliyeva
Sfera.az