BMT-nin “Dünya Şəhərləşmə Perspektivləri 2025” hesabatı qlobal meqaşəhərlər sıralamasında böyük dəyişiklikləri üzə çıxarıb. Sənədə görə, İndoneziyanın paytaxtı Cakarta və onun ətraf bölgələri ümumilikdə 42 milyon nəfərlik əhalisi ilə dünyanın ən böyük meqaşəhəri elan edilib. Beləcə, uzun illərdir birinci olan Tokio liderliyi itirərək üçüncü yerə geriləyib.
Sfera.az xəbər verir ki, hesabata əsasən, Banqladeşin paytaxtı Dakka 40 milyon nəfərlə ikinci pilləyə yüksəlib. İlk onluqda Asiya ölkələrinin üstünlüyü davam edir və siyahıda Asiya xaricindən yer alan yeganə şəhər Misirin paytaxtı Qahirədir.
BMT İqtisadi və Sosial İşlər Departamentinin rəhbəri Li Cunhua artan şəhərləşmənin qlobal siyasətə təsir göstərəcəyini bildirərək, şəhər və kənd ərazilərində balanslı inkişafın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, şəhərləşmə iqlim fəaliyyəti, iqtisadi artım və sosial bərabərliyin formalaşmasında “dönüştürücü güc” rolunu oynayacaq.
Mütəxəssislər Cakartanın birinci yerə yüksəlməsinin gözlənilən olduğunu deyirlər. Lakin bu proses şəhərin mövcud problemlərini daha da dərinləşdirib: ciddi tıxaclar, yüksək sıxlıq, hava çirkliliyi, tez-tez baş verən daşqınlar və şəhərin bəzi ərazilərində çökmə riski.
Məhz bu problemlərə görə İndoneziya hökuməti 2019-cu ildə paytaxtın Borneo adasında tikilən yeni şəhər Nusantaraya köçürüləcəyini açıqlamışdı. Lakin tikinti işlərinin ləngiməsi və maliyyə çatışmazlığı köçürülmə prosesini hələlik gecikdirir.
Bəsti Rəfizadə
Sfera.az