Bir çox uşaq və nəvə yaxınlarından bəziləri dəyərli, bəziləri isə o qədər də dəyərli olmayan əşyalar miras alır, lakin çətin ki, kiməsə nənəsindən Mikelancelonun rəsmi miras qalsın. Amma Kaliforniya sakininin (ABŞ) başına sözün əsl mənasında “dövlət quşu qonub”. Belə ki, kişi nənəsindən çərçivəyə salınmış eskiz miras alıb.
Sfera.az bildirir ki, kişiyə miras qalan ayağın təsviri olan eskizdə, ayaq barmaqları yerə söykənən hissədə "Mikelancelo Saint-Saphorin" yazısı olub.
Yazı yeni sahibini əsərin fotoşəklini “Christie's” onlayn hərrac portalına təqdim etməyə sövq edib. Qeyd edək ki, burada hər kəs sənət əsərlərini dəyərini yoxlamaq üçün hərraca təqdim edə bilər.
"Dərhal bu rəsmin çox yaxşı göründüyünü düşündüm. Çox sevindim. XVI əsr rəsminə oxşayırdı. Müştəri rəssamı Mikelancelo kimi qeyd etsə də, mən tez-tez “Mikelancelo” və “Leonardo”adından rəsmlər alıram"- deyə “Christie's”in Köhnə Ustad rəsmləri üzrə mütəxəssisi Giada Damen bildirir.
Altı aylıq təhlildən sonra Damen sənədin XVI əsrə aid olduğu qənaətinə gəlib. İnfraqırmızı refleksiya kağızın arxa tərəfində əlavə qara təbaşir rəsmlərini aşkar edib. O, həmçinin eskizi Metropoliten Muzeyində saxlanılan başqa bir Mikelancelo rəsmi ilə müqayisə edib. Bu rəsmdəki qırmızı təbaşir yeni kəşf edilmiş əsərlə uyğun gəlib.
Rəsmdə Sikstin Kapellasının tavanındakı fiqurlardan biri olan Liviya Sibilinin uzanmış ayağı təsvir olunub. “Christie's”ə görə, italyan İntibah dövrü ustası məşhur freskalarından birinə hazırlaşarkən təsviri təxminən 1511 və ya 1512-ci illərdə çəkib. İndi 12,5 santimetr hündürlüyündə rəsm hərraca çıxarılır və 2 milyon dollara satılacağı gözlənilir.
Sahibi rəsmin 18-ci əsrin sonlarından bəri ailəsində olduğunu iddia edir. Rəsm o dövrdə Avropalı əcdadları tərəfindən əldə edilib. İllüstrasiya əvvəlcə İtalyan incəsənət kolleksiyasının bir hissəsi olub. 18-ci əsrdə o, hazırkı sahibinin əcdadı olan İsveçrə diplomatı Armand Fransua Lui de Mestral de Sent-Saforinin kolleksiyasına daxil olub.
Aynil