BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Ukrayna ilə bağlı növbəti açıq iclas keçirəcək. Bu barədə məlumatı quruma sədrlik edən Sloveniyanın BMT yanında Daimi Nümayəndəliyi açıqlayıb.
Regional gərginliyin davam etdiyi bir vaxtda keçiriləcək iclasın əsas diqqət mərkəzi münaqişənin gedişi, humanitar vəziyyət və tərəflər arasında diplomatik həll perspektivləri olacaq. Gözləntilər isə BMT TŞ-nin bu dəfə hansı real nəticələr ortaya qoya biləcəyi ilə bağlı sualları gündəmə gətirir.
Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 9 dekabrda Ukrayna ilə bağlı keçirəcəyi açıq iclasdan radikal dönüş gözləmək çətindir:
“Çünki TŞ-in mövcud tərkibi və veto mexanizmi bu formatı daha çox mövqe bəyanatlarının səsləndiyi platformaya çevirib. Rusiya və Qərb ölkələrinin qarşılıqlı ittihamlar kontekstində çıxış etməsi, humanitar vəziyyətin, energetik zərbələrin və regional təhlükəsizlik risklərinin diqqətə çatdırılması əsas xətti təşkil edəcək. İclas daha çox indiki gərginliyin beynəlxalq gündəmdə saxlanması, mülki əhalinin qorunması və humanitar çıxış yollarının müzakirəsi baxımından əhəmiyyət daşıyır, lakin real qərarvermə gücü məhduddur”.
Politoloq qeyd edib ki, diplomatik həll baxımından iclasın böyük irəliləyiş yaratması ehtimalı da aşağıdır:
“TŞ-in qərar qəbul edə bilməsi üçün konsensus lazımdır və Moskva ilə Qərb arasındakı dərin siyasi qarşıdurma fonunda bu konsensus mümkün görünmür. Buna baxmayaraq, iclas tərəfləri mövqelərini bir daha dəqiqləşdirməyə, üçüncü ölkələrə isə humanitar təşəbbüslər və atəşkəs çağırışları ilə bağlı diplomatik mesaj göndərməyə imkan verəcək. Bu baxımdan proses münaqişənin həlli üçün yeni mexanizm yaratmır, amma diplomatik kanalların tamamilə bağlanmaması və gərginliyin idarə olunması üçün simvolik rol oynayır”.
Niyaz Hacıyev
Sfera.az