"Dilimiz bizim tarixi yaddaşımız, milli mənəviyyatımızın özəyidir".


 


Sfera.az xəbər verir ki, bunu parlamenrin sədri Sahibə Qafarova Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda deyib.


 


Sədr bildirib ki, dilimizin qorunması və inkişafı üçün qəbul olunan qanunlar Milli Məclisin iştirakı ilə gerçəkləşir. S.Qafarova Azərbaycan dilinin tarixindən danışıb:


 


"Heydər Əliyevin Azərbaycana ilk hakimiyyətdə olduğu 1969-1982-ci illər həm də ölkəmizin milli intibah dövrü kimi yadda qalıb. Onun əzmkarlığı nəticəsində 1978-ci ildə Azərbaycan dilinə dövlət dili statusu verilib. Bu gün də Ulu Öndərin təyin etdiyi həmin xətt müasir dövrün tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı AMEA-nın yubiley iclasında çıxışında bildirib ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır".


 


S.Qafarova qeyd edib ki, dünya dəyişir, yeni texnologiyalar yaranır, Azərbaycan dilinin qarşısında da yeni vəzifələr dayanır:


 


"Bunlar dilin saflığının qorunması və yeni texnologiyalara inteqrasiyasıdır. Bu proses elmi əsaslı yanaşma tələb edir. Yeni dil siyasətindən danışarkən əsas prioritetlər təhsildə müasir texnologiyalar ilə dil tədrisinin inkişaf etdirilməsi, Azərbaycan dilinin media və kütləvi informasiya vasitələrində düzgün istifadəsinin təmin olunması, Azərbaycan dilinin beynəlxalq aləmdə tanıdılmasıdır. Bu konfrans çağırışlarla bağlı dilimizin elmi əsaslarının möhkəmlənməsinə, yeni ideyaların yaranmasına və daha parlaq gələcəyinə xidmət edəcək. Hər kəsə uğurlar arzulayıram".


 


Firuzə Əliyeva


Sfera.az