Süni intellekt (Sİ) texnologiyaları gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Mesajlaşma, virtual assistentlər, sosial media və digər platformalarda istifadə olunan alqoritmlər insanların davranışına, diqqətinə və emosional vəziyyətinə təsir göstərir.


 


“Süni intellektdən gündəlik və intensiv istifadə insanın psixologiyasına hansı təsirləri göstərə bilər? Xüsusilə diqqət, emosional vəziyyət və sosial münasibətlər baxımından risklər və müsbət tərəflər nələrdir?” – bu sual hazırda psixologiya sahəsində maraq doğuran əsas mövzulardan biridir.


 


Suallarımızı cavablandıran psixoloq Elbrus Kəlbiyev Sfera.az-a bildirib ki, insan süni intellekt yox, süni vicdan yarada bilsəydi özünü xilas edə bilərdi. Amma əfsus ki, bu mümkün deyil. Onun sözlərinə görə, elmin, texnikanın inkişafının, gəlib bu mərhələyə çatması bir tərəfdən müsbət haldır:


 


“Məsələn, əgər həkimlər süni intellekt vasitəsilə çarəsi tapılmayan xəstəliklərə çarə taparlarsa, insan ömrünü bu yolla uzada bilərlərsə, süni intellekt yeni, çox faydalı ərzaq resursları yaradarsa və sair bu kimi böyük, müsbət işlər görülsə çox yaxşı olar. Amma əfsus ki, bunun əks tərəfi də var və hazırda bir çox ölkələr süni intellektən silah hazırlığında və ya silahların tətbiqində istifadə edirlər. Bu da o deməkdir ki, süni intellekt artıq həm də insan qətlə yetirir. Bu və bu kimi başqa mənfi hallar əslində həyəcan təbili çalır. İnsanların fərdi olaraq süni intellektdən gündəlik intentiv istifadə etməsi hələ ki, çox geniş vüsət almayıb. Amma hər bir halda bu fəaliyyət başlayıb və davam edir”.


 


Psixoloqun fikrincə, insan ağlının və ya süni intellektin psixologiyaya təsiri, insan psixikasının ağıla təsirindən daha azdır:


 


“Çünki ağıl da, onun əsli də, saxtası da, bu ağılların düzəltdikləri bütün nəsnələr də insan üçün bir alətdir. Mərhəmətli insan bu alətləri insanlıq yoluna, qəddar və acgöz isə əks istiqamətə yönəldəcək. Odur ki, insan şüuru, onun alt hissəsi həmişə ağıldan əvvəl hərəkətdə olur və vəziyyətə çox vaxt emosiyalar nəzarət edir”.


 


Sosial münasibətlərə gəlincə, müsahibimiz vurğulayıb ki, onsuz da sosial şəbəkələr, internetin digər resursları insanları bir-birindən ayırıb:


 


“İndi hər kəs gecə-gündüz telefonun içində, min dostun arasında yalqızdır. Süni intellekt yəqin bu vəziyyəti daha da gərginləşdirəcək. Kim bilir, bəlkə də bu bəlanın yayılmasını önləyəcək. Onu zaman göstərər. Biz həmişə yaxşı olacağına ümid edib, yaxşı olması üçün nəsə edək”.


 


Niyaz Hacıyev


Sfera.az