Qış aylarında insanların turşu məhsullarına olan tələbatı artır. Soyuq havalarda bu cür məhsullar həm yemək rasionuna dad qatır, həm də daha uzun müddət saxlanılması səbəbindən geniş istifadə olunur. Lakin düzgün hazırlanmadıqda və ya gigiyenik qaydalara əməl edilmədikdə turşu məhsulları zəhərlənmə riski yarada bilər. Buna görə də istehlak zamanı xüsusi diqqət tələb olunur.
Qış aylarında turşu məhsullarına tələbat artdığı üçün zəhərlənmə riskinin də yüksəldiyi bildirilir. Bəs bu cür halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən qida eksperti Fərid Səfərovun sözlərinə görə, turşunun orqanizmə bir sıra faydaları var.
Buna görə də ekspert hesab edir ki, turşu istehlakı faydalıdır. Amma o, düzgün şəkildə hazırlanmayan turşunun insan orqanizmi üçün ciddi risk yaratdığını da vurğulayıb:
“Əgər turşu düzgün şəkildə hazırlanmazsa və normadan artıq istifadə olunarsa, çox ciddi sağlamlıq problemlərinə, zəhərlənməyə, hətta ölümə səbəb ola bilər. İlk öncə onu deyim ki, əgər turşu yeyirsinizsə, çalışın sənaye üsulu ilə hazırlanmış turşu yeyin. Yox, özünüz hazırlayıb yeyəcəksinizsə, onda mütləq bəzi məqamlara diqqət etmək lazımdır”.
F. Səfərov turşu hazırlamaq üçün lazım olan meyvə və tərəvəzləri mövsümündə almağın vacib olduğunu deyib:
“Meyvə və tərəvəzlər təzə və əzilməmiş olmalıdır. Meyvə və tərəvəzlər çox yaxşı yuyulmalıdır. Turşunu qoyacağınız qablar çox yaxşı yuyulmalı və sterilizasiya olunmalıdır. Bunun üçün qabları əvvəlcə qaynar su ilə yaxşıca yuyun və tam quruduğuna əmin olun. Turşunu şüşə qablara, balonlara yığaraq saxlayın. İstifadə olunan qapaqlar da mütləq qaynar su ilə yuyulmalıdır, üzərində heç bir zədə və əzilmə olmamalıdır. İstifadə olunacaq duz-su nisbəti çox vacibdir, bu, turşunun hazır olması üçün lazım olan fermentasiyanın yaranmasını təmin edir. Turşunu hazırladıqdan sonra mütləq saxlama temperaturuna riayət edin, isti yerdə saxlamayın, sərin və qaranlıq yerdə saxlayın. Gün işığı düşməyən yerdə saxlayın”.
Qida eksperti əlavə edib ki, bir neçə gündən sonra turşunun suyu bulanıq olarsa, üzərində ağ ləkələr yaranarsa, qapağı şişərsə, o, artıq istifadə olunmamalıdır:
“İstifadə etmək üçün açdıqdan sonra üzərində kif varsa, onu qətiyyən istifadə etmək olmaz. Bəzən yuyub yenidən yeyirlər, bu isə çox təhlükəlidir. Turşu sərt və parlaq olmalıdır, özünəməxsus qoxusu olmalıdır. Əgər turşu yumşaqdırsa və xoşagəlməz qoxusu varsa, onu istifadə etmək olmaz. Bütün bu məqamlara diqqət etmədikdə hazırlanan turşunun rəngi, dadı, görüntüsü dəyişir, suyu bulanır, turşu yumşalır, üzərində kif yaranır. Turşudan zəhərlənmə halları bəzən özünü həmin anda göstərmir. Əgər halsızlıq, ürəkbulanma, qarın ağrısı, başgicəllənmə, qusma yaranıbsa, dərhal həkimə müraciət edin. Tibb müəssisəsinə gedənə qədər bol su içilməlidir. Mənşəyi bəlli olan yerdə hazırlanmış turşu məhsullarından istifadə etmək lazımdır. Meyvə-tərəvəz satılan yerlərdə və yaxud yol kənarında açıq şəkildə satılan turşu məhsullarının hansı şəraitdə hazırlandığı bəlli deyil və çox təhlükəlidir. Öz hazırladığınız və ya aldığınız məhsulun istehsal tarixinə diqqət edin. Xüsusilə, körpə uşaqlar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar, həmçinin çox yaşlı insanlar turşu məhsullarından qəti şəkildə uzaq durmalıdırlar".
Ekspert söyləyib ki, bütün bu məqamlara diqqət edərək həm sağlamlığımızı qoruya bilərik, həm də sevdiyimiz qidaları iştahla istehlak edə bilərik.
Fidan Hacızadə
Sfera.az