Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsində paylaşım edərək Avropa İttifaqının ləğv edilməsinin zəruri olduğunu bildirib. Mask qeyd edib ki, Aİ aradan qaldırılmalı və suverenlik fərdi ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər.


 


Belə olduqda sual yaranır: Aİ-nin ləğvi nə dərəcədə realdır? Aİ-yə alternativ nə ola bilər?


 


Politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin dünyada yeganə süpergüc olmaq planı Avropanı da hədəfə alır.


 



Onun sözlərinə görə, Avropa İttifaqının dağıdılması əsasən ABŞ-nin maraqlarına xidmət edir:


 


“Avropada da öz varlığını və güc balansını bərpa etmək üçün atılan bu addımlar sonda Vaşinqtonun maddi və siyasi maraqlarının təmin olunması ilə nəticələnəcək. ABŞ-nin Avropadan bir sıra tələbləri var ki, bu cür basqılarla nail olmaq istəyir. Amerikalı biznesmen İlon Maskın Avropa İttifaqının ləğvini istəməsi əslində ABŞ-nin öz planıdır. Maskın "bürokratiya Avropanı yavaş-yavaş boğur" yazması, həmçinin ABŞ-nin Avropa İttifaqını nədən qoruduğunu da sual etməsi ABŞ-nin bu planından xəbər verir. Trampın vergiləri artırması, əlavə xərcləri azaltması və çıxarları məhdudlaşdırma siyasəti Avropa üçün edilən yardımların da dayandırıla biləcəyini xəbər verir”.


 


Politoloq qeyd edib ki, Aİ-nin tam ləğvi yaxın gələcəkdə bir sıra səbəblərə görə mümkün deyil:


 


“Bu təklif sadəcə ABŞ-nin Avropaya təziq vasitəsi kimi səsləndirilir. Əks halda məsələ ciddiləşərsə, ABŞ-nin planlarına, yeni dünya nizamının tərkib hissəsinə uyğun olaraq alternativ ittifaq yarana bilər”.


 


Niyaz Hacıyev


Sfera.az