İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına qarşı çıxdığını açıqlayıb. Netanyahu bildirib ki, Fələstin dövlətinin qurulması “yeganə yəhudi dövlətinin təhlükə altına düşməsi” deməkdir. Baş nazirin fikrincə, İsrail qarşısında iki əsas seçim var: ya ərəb dövlətləri ilə sülh prosesini genişləndirməli, ya da fələstinlilərlə uzunmüddətli və dayanıqlı sülhə nail olmalıdır.
İsrailin hansına daha çox üstünlük verdiyi isə açıqlanmır.
Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Fələstin dövlətinin yaradılması ilə bağlı səsləndirilən təşəbbüslər İsrail tərəfindən qəbul olunmur və fələstinlilər müxtəlif təzyiqlərə məruz qalırlar:
“Beynəlxalq ictimaiyyətin Fələstin dövlətini tanıması barədə müzakirələr yenidən gündəmə gələndə də İsrailin Baş naziri Benyamin Netanyahu bu addımlara qarşı çıxıb. Xüsusilə Böyük Britaniya, Fransa və İspaniyanın Fələstin dövlətçiliyini tanımaq niyyətini bəyan etməsi, müharibənin ən kəskin mərhələsində fələstinlilərə siyasi dəstək göstərməsi müəyyən mənada tərəflər arasında gərginliyin azaldılmasına və atəşkəs istiqamətində addımların atılmasına səbəb oldu”.
Politoloq əlavə edib ki, bununla belə vəziyyət son dərəcə dəyişkəndir və istənilən anda genişmiqyaslı toqquşmaların yenidən alovlanması, yaxud İsrailin hərbi əməliyyatları genişləndirməsi mümkündür:
“Hazırda iki əsas ssenari müzakirə olunur. Ərəb ölkələri ilə sülh prosesinin dərinləşdirilməsi və ya fələstinlilərlə uzunmüddətli sabit sülhün qurulması. ABŞ Prezidenti Donald Trampın Abraham Sazişləri çərçivəsində ərəb dövlətləri ilə münasibətlərin normallaşmasını daha real və yürüdülə bilən yol kimi dəstəklədiyi məntiqli görünür. Fələstin daxilində isə vahid mövqenin olmaması, xüsusən HƏMAS ilə Mahmud Abbas administrasiyası arasında fikir ayrılıqlarının davam etməsi yekun razılıq əldə olunmasını daha da çətinləşdirən faktorlardandır. Buna görə də vəziyyət mürəkkəb və çıxılmaz təsiri bağışlasa da, davamlı diplomatik danışıqlar və fəal vasitəçilik səyləri müəyyən kompromislərin yaranmasına zəmin yarada bilər”.
Fidan Hacızadə
Sfera.az