Xəbər verdiyimiz kimi, irsi dövlət səviyyəsində qorunan və yüksək ideya-estetik dəyər kimi təbliğ olunan görkəmli şairəmiz Məhsəti Gəncəvi rejissor və ssenari müəllifi sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qara olan "Məhsəti" filmində gəzəyən əxlaqsız qadın kimi təqdim edilib.
Beləliklə, Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Bədii Şurası tərəfindən “Məhsəti” filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib.
Bu məsələ cəmiyyətdə müzakirələr doğurub.
Mövzu ilə bağlı Sfera.az-a danışan Gəncə şəhərinin deputatı Müşfiq Cəfərov bildirib ki, "Məhsəti" filmi Azərbaycan mədəniyyətinə yaradıcı töhfə deyil. Onun sözlərinə görə, bu film həm uğursuz ekran işi, həm də milli dəyərlərə qarşı hörmətsizliyin vizual nümayişidir:
"Filmdə "Məhsəti Gəncəvi" obrazı faktiki olaraq təhqir edilir. Azərbaycan poeziyasının aparıcı qadın simvolunun kimliyi tarixdən təcrid edilərək, milli poetik ənənədən fərqli göstərilir. Filmdə "Məhsəti" obrazının üzərinə yüklənən davranış və estetik çərçivə onun şəxsiyyətinə qətiyyən uyğun gəlmir. Bu film milli irsin mahiyyətini göstərmir, lağlağı obyektinə çevirir".
Millət vəkili nəzərə çatdırıb ki, Məhsəti Gəncəvi ədəbiyyat tariximizin güclü qadın simasıdır:
"Onun adına çəkilən filmdə tarixə ehtiram, mədəni dəyərə hörmət, poetik irsə bağlılıq, elmi əsas və sənət məsuliyyəti olmalıdır. Çünki söhbət sıradan bir ekran əsərindən yox, Azərbaycan ədəbiyyatının simvolik qadın şəxsiyyətinin açıq-aşkar təhrifindən gedir. Rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir".
Firuzə Əliyeva
Sfera.az