Yeni İl süfrəsi azərbaycanlı ailələr üçün bolluq və qonaqpərvərlik rəmzidir. Adətən masaya kabablar, müxtəlif növ salatlar, ev yeməkləri, şirniyyatlar, içkilər düzülür. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu zənginlik fonunda bəzi qidalar düzgün hazırlanmadıqda və ya saxlanmadıqda zəhərlənmələrə səbəb ola bilər.
“Yeni Sabah” xəbər verir ki, statistikaya görə, bayram günlərində qida zəhərlənmələri adi günlərlə müqayisədə xeyli artır və bunun əsas səbəbi süfrədə uzun müddət qalan, tez xarab olan məhsullardır.
Ən riskli qidalardan biri mayonez və digər süd əsaslı souslarla hazırlanan salatlardır. olivye, paytaxt salatı, sezar, mimoza kimi salatlar Yeni İl süfrəsinin ayrılmaz hissəsidir. Lakin bu salatlar adətən bir neçə saat, bəzən isə gecədən səhərə qədər otaq temperaturunda qalır. Mayonez, qaymaq və smetan tərkibli souslar bakteriyaların sürətlə çoxalması üçün ideal mühit yaradır. Xüsusilə salmonella və stafilokokk kimi bakteriyalar belə şəraitdə qısa müddətdə təhlükəli səviyyəyə çata bilər. Mütəxəssislər bu tip salatların yalnız süfrəyə verilənə yaxın hazırlanmasını və maksimum 2-3 saat ərzində istehlak edilməsini tövsiyə edirlər.
Üçüncü riskli məhsul isə kremli tortlar və evdə hazırlanan şirniyyatlardır. Süd, yumurta və krem tərkibli tortlar tez xarab olur və soyuducudan kənarda saxlandıqda təhlükəli bakteriyalar üçün əlverişli şərait yaranır. Xüsusilə çiy yumurta ilə hazırlanan kremlər ciddi təhlükə mənbəyidir. Bayram günlərində tortların bəzən gün ərzində dəfələrlə süfrəyə çıxarılıb yenidən kənara qoyulması vəziyyəti daha da riskli edir.
Həkimlər məsləhət görürlər ki, Yeni İl süfrəsində qidaların hazırlanmasına və saxlanmasına xüsusi diqqət yetirilsin. Yeməklər az-az, lakin təzə hazırlanmalı, tez xarab olan məhsullar uzun müddət açıq qalmalı deyil.
Əsmətxanım Rzazadə
Telegram kanalımız