Son illər qlobal iqtisadiyyat nisbi sabitlik görüntüsü yaratsa da, dərinlikdə yığılan problemlər artıq açıq şəkildə özünü göstərməyə başlayıb. Qərb maliyyə institutları, beynəlxalq təşkilatlar və aparıcı analitik nəşrlər 2026-cı ili mümkün qlobal iqtisadi böhranın başlanğıcı kimi göstərir.


 


Ekspertlərin fikrincə, bu dəfəki böhran təkcə maliyyə sektorunu deyil, dövlət büdcələrini, biznes mühitini və sosial rifahı da əhatə edəcək.


 


Sfera.az bildirir ki, böhranla bağlı əsas risk faktorları kimi qlobal borcun rekord həddə çatması, süni intellekt və texnologiya şirkətlərinin şişirdilmiş bazar dəyəri, pandemiyadan sonra nəzarətsiz pul emissiyası və korporativ müflisləşmələrin sürətlənməsi göstərilir. Hazırda dünya iqtisadiyyatının əsas problemi borcdur. Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatına görə, 2025-ci ilin ikinci rübündə qlobal borcun həcmi 338 trilyon ABŞ dollarına çatıb.


 


Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 313,6 trilyon dollar idi. Yəni cəmi bir il ərzində qlobal borc 24 trilyon dollardan çox artıb. Bu borcun 228,2 trilyon dolları inkişaf etmiş ölkələrin, 109,5 trilyon dolları isə inkişaf etməkdə olan ölkələrin payına düşür. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına əsasən, yalnız dövlət borcları 111 trilyon dollara yaxındır. Qalan hissə isə korporativ və maliyyə sektorunun borclarıdır. Hazırda təxminən 60 ölkə həddindən artıq borc yükü zonasındadır. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) “Borc içində bir dünya” adlı hesabatında bildirilir ki, inkişaf etməkdə olan ölkələrin dövlət borcu 2010-cu ildən bəri inkişaf etmiş ölkələrlə müqayisədə iki dəfə daha sürətlə artıb.


 


Daha narahatedici məqam isə budur ki, 3,4 milyard insan faiz ödənişlərinin səhiyyə və təhsil xərclərini üstələdiyi ölkələrdə yaşayır, bir çox inkişaf etməkdə olan ölkədə dövlət borcunun ÜDM-ə nisbəti 60%-ə yaxınlaşıb, inkişaf etmiş ölkələrdə bu göstərici pandemiyadan sonra 200%-i keçib. Aparıcı iqtisadiyyatlarda borc göstəriciləri də riskli səviyyəyə çatıb. Yaponiyada dövlət borcunun ÜDM-ə nisbəti 240%-dən yuxarıdır. ABŞ-də borc yükü ilk dəfə ÜDM-in 100%-ni keçib, hazırda 130%-ə yaxınlaşır. Avropa və Mərkəzi Asiya regionunda 2010-2022-ci illərdə iqtisadiyyat 1,4 dəfə, dövlət borcu isə 2,5 dəfə artıb. Qafqaz, Qərbi Balkanlar və enerji ixrac edən ölkələrdə borc artımı xüsusilə sürətlidir və borcun orta hesabla 70%-i xarici borclardan ibarətdir. Bu göstəricilər 1980-ci illərdəki ABŞ borc böhranını xatırladır. Həmin dövrdə Meksikanın borc öhdəliklərini yerinə yetirə bilməməsi qlobal maliyyə zəncirvari reaksiyasına səbəb olmuşdu. Mövcud böhranın kökləri 2020-ci il pandemiyasına gedib çıxır.


 


O dövrdə ABŞ, Avropa Birliyi və digər iri iqtisadiyyatların mərkəzi bankları iqtisadi çökmənin qarşısını almaq üçün 20 trilyon dollardan çox əlavə pul kütləsi yaratdı. “Kəmiyyət yumşaldılması” siyasəti qısa müddətdə iqtisadi aktivliyi qorusa da, inflyasiyanı sürətləndirdi, aktivlərin real dəyərini şişirtdi, dövlət və biznes sektorunu ucuz kreditlərə asılı vəziyyətə saldı. Hazırda Qərb ölkələri faiz dərəcələrini artırmaqla inflyasiyanı cilovlamağa çalışır. Lakin bu addım borc yükünü daha da ağırlaşdırır. Böyük Britaniyanın vaxtilə bazarlara buraxdığı dövlət istiqrazlarını geri satmağa başlaması bu ziddiyyətli siyasətin açıq nümunəsidir. Qlobal maliyyə stresinin ən real əlamətləri biznes sektorunda özünü göstərir.


 


2025-ci ilin ilk səkkiz ayında İspaniyada iri sənaye müəssisələrinin bağlanması 17%, Fransada 14%, Almaniya və Çexiyada 11% artıb. Bu göstərici 2008-ci ildən bəri ən yüksək səviyyə hesab olunur. “Allianz Trade”in “Qlobal Müflisləşmə Hesabatı”na görə, qlobal müflisləşmə indeksi artıq 12 rübdür ardıcıl artır, 2025-ci ilin ilk yarısında artım illik müqayisədə 5% olub, Asiyada müflisləşmələr 39%, Qərbi Avropada isə 38% artıb. Təkcə 2025-ci ilin ilk üç rübündə dövriyyəsi 50 milyon avrodan çox olan 327 iri şirkət müflis olub. Bu isə orta hesabla hər 20 saatda bir iri şirkətin iflası deməkdir. Proqnozlara əsasən, 2026-cı ilin sonuna qədər bu proses 2,1 milyon iş yerini birbaşa risk altına salacaq, ən böyük itkilər Fransa, Almaniya və Böyük Britaniyada gözlənilir. Bütün bu proseslərə baxmayaraq, ABŞ dolları hələlik qlobal ehtiyat valyutası mövqeyini qoruyur.


 


Dollar beynəlxalq ticarətin və maliyyə əməliyyatlarının təxminən 60%-ni təşkil edir. “JP Morgan”ın proqnozuna görə, dollar 2026-cı ilin ortalarına qədər maksimum 3% dəyər itirəcək, sonra isə sabitləşəcək. Neft bazarında isə vəziyyət fərqlidir. Aparıcı maliyyə institutlarının proqnozlarına görə,“Brent” markalı neftin qiyməti 2027-ci ilə qədər 30 dollar/barrelə düşə bilər. 2026-cı ildə orta qiymətin 53-60 dollar aralığında olacağı gözlənilir. Enerji qiymətləri 2025-ci ildə 12%, 2026-cı ildə isə əlavə 10% azalacaq. Bu tendensiya enerji ixrac edən ölkələr üçün ciddi fiskal risklər yaradır. Ölkəmizdə isə 2026-cı il dövlət büdcəsində neftin bir barrelinin orta illik qiyməti 65 dollar götürülüb. Büdcə gəlirlərinin 43%-i neft-qaz sektorunun, 57%-i isə qeyri-neft sektorunun payına düşür. Lakin diqqətçəkən məqam odur ki, son 10 ildə ilk dəfə dövlət xərclərinin artım tempi minimum səviyyədədir.


 


Xərclər artmadıqca iqtisadi artım zəifləyir. Neftin kəskin ucuzlaşacağı ssenari baş verərsə, manat üçün devalvasiya riski arta bilər. Mərkəzi Bankın valyuta ehtiyatları qısa müddətdə sabitliyi qoruya bilər, lakin uzunmüddətli böhran qeyri-neft sektorunun real gücləndirilməsini qaçılmaz edir. Qeyd edək ki, 2026-cı ildə ölkədə iqtisadi artım 2,9 faiz, orta illik inflyasiya səviyyəsi 4,8 faiz proqnozlaşdırılır.


 


Neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 2,4 faiz azalacağı, qeyri-neft ÜDM-in 5 faiz artacağı gözlənilir. Bütün statistik göstəricilər onu deməyə əsas verir ki, dünya yeni bir iqtisadi mərhələyə qədəm qoyur. Bu mərhələ sürətli inkişafdan çox, borc, risk və maliyyə intizamı dövrü olacaq. 2026-cı ilin qlobal böhran ili kimi tarixə düşüb-düşməyəcəyini zaman göstərəcək. Amma indidən aydın olan odur ki, dünya iqtisadiyyatı artıq əvvəlki qaydalarla işləməyəcək.


 


Firuzə Əliyeva


Sfera.az