Son illər Arktika bölgəsi qlobal güclər arasında geosiyasi rəqabətin əsas mərkəzlərindən birinə çevrilib. ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığı və bu adanın Vaşinqtonun nəzarətinə keçməli olduğu barədə açıqlamaları Arktikada mövcud balansları yenidən gündəmə gətirib. Zəngin təbii ehtiyatlar, yeni nəqliyyat marşrutları və hərbi-strateji üstünlüklər uğrunda mübarizə böyük dövlətlər arasında gərginliyi artırır. Xüsusilə Rusiyanın Arktikadakı güclü mövqeyi fonunda ABŞ-nin Qrenlandiya ilə bağlı iddiaları beynəlxalq münasibətlərdə yeni suallar doğurur. Məlumdur ki, Rusiya Arktikada hərbi mövcudluğunu onilliklər boyu genişləndirib. Kanadada yerləşən “Simons Foundation” təşkilatının məlumatına əsasən, geniş Arktika bölgəsində 66 hərbi baza və yüzlərlə müdafiə obyekti mövcuddur. Onlardan 30-u Rusiyada, 36-sı isə Arktikada ərazisi olan NATO ölkələrində yerləşir.




Bəs ABŞ-nin Qrenlandiya ilə bağlı bu arzusu Arktikada artıq mövcud olan həssas tarazlığı pozaraq Rusiya ilə münasibətlərin daha da gərginləşməsinə və açıq qarşıdurmaya səbəb ola bilərmi?




Sfera.az-a bu haqda açıqlama verən sabiq deputat, politoloq Fikrət Sadıqovun sözlərinə əsasən, Qrenlandiya ilə bağlı vəziyyət müəyyən mənada, mürəkkəbdir və eyni zamanda qeyri-adidir:




“Yəni bir dövlət digər dövlətin ərazisini özünə birləşdirmək fikrindədir və bu cür planlar açıq şəkildə Tramp tərəfindən səsləndirilir. Buradakı mürəkkəblik ondan ibarətdir ki, bu məsələ ABŞ ilə Avropa İttifaqı arasında müəyyən çatlar yaradır. Təbii ki, burada açıq şəkildə fikir və mövqe ayrılığı müşahidə olunur, çünki Aİ bu məsələyə açıq şəkildə etiraz edir. Lakin Tramp NATO-nun aparıcı dövlətlərindən birinin rəhbəri kimi hesab edir ki, Qrenlandiyanı nəzarət altına götürərsə, bu, bir sıra problemlərin, o cümlədən təhlükəsizlik məsələlərinin həllinə kömək edə bilər. Trampın fikrincə, həm Rusiyanın, həm də Çinin Qrenlandiyaya və ümumilikdə Arktika bölgəsinə yönəlmiş təhlükələri mövcuddur. Onların Arktikada hərbi bazalarının olması Trampı ciddi şəkildə narahat edən məqamlardandır”.


 





Eks parlamentari bu yanaşmaya qarşı çıxan əsas tərəfin Avropa dövlətlərinin olduğunu vurğulayıb:




“Bu da onu göstərir ki, Tramp məsələnin həllində bəlkə də başqa üsullara üstünlük verməli idi. Diplomatik yolların seçilməsi daha məqsədəuyğun olardı. Yəni əvvəlcədən danışıqların aparılması, kulis arxasında görüşlərin keçirilməsi və ümumilikdə bu cür addımların əsaslandırılması vacibdir. Rusiya-ABŞ münasibətlərinə gəldikdə isə, bu iki ölkə arasında onsuz da Ukrayna məsələsinə görə müəyyən gərginlik mövcuddur. Mən düşünmürəm ki, Qrenlandiya məsələsi ABŞ ilə Rusiya arasında gərginliyin artmasına səbəb olacaq. Çünki Rusiya indiyədək bu mövzuda sərt mövqe nümayiş etdirməyib və bununla bağlı açıq bəyanatlar da verməyib. Nəzərə almaq lazımdır ki, Qrenlandiya Danimarkaya məxsus bir adadır. Bu səbəbdən Rusiya müəyyən narahatlıq hiss etsə belə, bunu açıq şəkildə ifadə etmir. Lakin gələcəkdə Tramp daha sərt addımlar atarsa, Rusiyanın mövqeyi daha qabarıq şəkildə üzə çıxa bilər”.




Bəsti Rəfizadə

Sfera.az