Müasir dövrdə sosial münasibətlərin zəifləməsi və fərdlərin getdikcə daha çox təcrid olunması psixoloji problemlərin artmasına səbəb olur. Uzunmüddətli tənhalıq insanın psixi sağlamlığına ciddi təsir göstərən “tənhalıq sindromu”nun yaranmasına gətirib çıxara bilər.


 


Bəs tənhalıq sindromu insanın psixoloji vəziyyətdə hansı fəsadları yaradır?




Neyropsixoloq Aytəkin Aslan Sfera.az-a açıqlamasında bildirib ki, insan təbiəti etibarilə sosial varlıqdır.


 


Onun sözlərinə görə, bağ qurmaq, bir yerə aid olmaq və mənalı münasibətlər yaşamaq onun fundamental psixoloji ehtiyaclarıdır:




“Lakin müasir həyatın sürətli tempi, texnoloji inkişaf və dəyişən sosial dinamiklər paradoksal şəkildə “toplumsal yalnızlıq” adlanan vəziyyəti daha da gücləndirib. Bu gün böyük şəhərlərin izdihamında və sosial medianın mərkəzində olmağımıza baxmayaraq, bir çox insan özünü dərindən tənha hiss edir. Toplumsal yalnızlıq fiziki olaraq tək qalmaqdan fərqlidir. İnsan ətrafında çoxlu adam olduğu halda belə, anlaşılamadığını və kimsə ilə bağ qura bilmədiyini hiss edə bilər. Bu vəziyyət münasibətlərin keyfiyyətinin zəifləməsindən qaynaqlanır və emosional yalnızlıq (yaxın və etibarlı münasibətlərin olmaması) ilə sosial yalnızlıq (sosial çevrənin darlığı və aidiyyət hissinin zəifliyi) kimi formalarla özünü göstərir. Rəqəmsallaşma bu prosesdə ikitərəfli rol oynayır: sosial media insanları virtual olaraq birləşdirsə də, münasibətləri səthiləşdirir, “müqayisə mədəniyyəti” isə yetərsizlik hissini artırır. Şəhərləşmə, iş mərkəzli həyat və fərdiyyətçiliyin ön plana çıxması ənənəvi dəstək mexanizmlərini sarsıdır”.


 





Neyropsixoloq qeyd edib ki, uzunmüddətli yalnızlıq təkcə emosional sarsıntı yaratmır, həm də ciddi fəsadlara yol açır:


 

“Psixoloji baxımdan depressiya, təşviş pozuntusu, özgüvən itkisi və yuxu problemləri, fiziki baxımdan isə ürək-damar xəstəlikləri və immun sisteminin zəifləməsi müşahidə oluna bilər. Bu problemlə mübarizə aparmaq mümkündür. İlk növbədə yalnızlıq hissini qəbul etmək və bunun utanılacaq bir hal olmadığını anlamaq lazımdır. Sosial bağları bərpa etmək üçün mövcud münasibətləri gücləndirmək, maraq dairəsinə uyğun fəaliyyətlərə qatılmaq, texnologiyadan daha şüurlu istifadə edərək üz-üzə ünsiyyətə üstünlük vermək vacibdir. Əgər yalnızlıq həyat keyfiyyətini ciddi şəkildə pisləşdirirsə, peşəkar psixoloji dəstək almaq mühüm rol oynayır. Nəticə etibarilə, toplumsal yalnızlıq dövrümüzün böyük sınaqlarından biri olsa da, mənalı münasibətlər qurmaq və özümüzə qarşı daha şəfqətli olmaqla bu boşluğu doldurmaq mümkündür. Unutmamalıyıq ki, ünsiyyət fundamental bir ehtiyacdır, yalnızlıq isə sadəcə bir seçimdir”.


 


Niyaz Hacıyev

Sfera.az