Azərbaycanda 2007-ci ildən etibarən gənclik yaşı rəsmi olaraq 14-29 yaş aralığında müəyyən edilib və bu göstərici son 20 ilə yaxın müddətdə dəyişdirilməyib.
“Gənclər siyasəti haqqında” qanuna əsasən, dövlət proqramları, sosial layihələr, güzəştli mexanizmlər və rəsmi statistik hesabatlarda gənclər məhz bu yaş qrupu üzrə hesablanır.
2007-ci ildən indiyədək gənclik yaşının nə yuxarı, nə də aşağı həddində dəyişiklik aparılıb.Halbuki bu müddət ərzində ölkədə sosial-iqtisadi şərtlər, təhsil sistemi və əmək bazarının strukturu ciddi şəkildə transformasiya olunub. Ali təhsilin genişlənməsi, magistratura və doktorantura pillələrinin artması, həmçinin gənclərin əmək bazarına daha gec daxil olması gənclik anlayışına münasibəti dəyişib.
Eyni zamanda, xüsusilə şəhər mühitində ailə qurma yaşının yüksəlməsi bu məsələnin aktuallığını artırır. Hazırkı yaş həddi bir sıra sosial proqramlardan kənarda qalan qrupların yaranmasına səbəb olur.
Belə ki, 30 yaşdan yuxarı şəxslər bir çox hallarda nə gənclər üçün nəzərdə tutulan layihələrdən yararlana bilir, nə də tam formalaşmış sosial təminat mexanizmlərinə daxil olur. Dünya təcrübəsində isə gənclik yaşı ilə bağlı vahid yanaşma mövcud deyil.
Birləşmiş Millətlər Təşkilatı statistik məqsədlər üçün gəncləri 15-24 yaş aralığında göstərir. Bir sıra Avropa ölkələrində gənclik yaşı 15-29, bəzi dövlətlərdə isə 30-35 yaşa qədər uzadılır. Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərinə görə isə gənclik dövrü 18-44 yaş aralığını əhatə edir. Bir çox ölkədə gənclik anlayışı yalnız yaşla deyil, həm də sosial status, təhsil səviyyəsi və məşğulluq vəziyyəti ilə ölçülür.
Son illər bəzi ölkələrdə gənclik yaşının yuxarı həddinin artırılması ilə bağlı müzakirələr aparılır. Bunun əsas səbəbi gənclərin sosial və iqtisadi cəhətdən müstəqilləşmə prosesinin uzanmasıdır. Azərbaycanda isə hazırda gənclik yaşının dəyişdirilməsi ilə bağlı rəsmi qərar və ya qanunvericilik təşəbbüsü olmasa da, mövzu ictimai müzakirələrdə və ekspert dairələrində getdikcə daha çox səsləndirilir.
Sosial reallıqlar fonunda gənclik anlayışının yenidən müəyyənləşdirilməsi məsələsinin yaxın illərdə gündəmə gələcəyi istisna edilmir. Göründüyü kimi, rəsmi hədlər olsa da, istənilən yaşda insan özünü gənc hesab edə və həyatını aktiv şəkildə qura bilər.
Niyaz Hacıyev
Sfera.az