Psixologiya və davranış elmləri sahəsində aparılan araşdırmalar göstərir ki, yalan danışan insanı tək bir mimika və ya sözlə ifşa etmək mümkün olmasa da, müəyyən davranış və nitq nümunələri yalan ehtimalını xeyli artırır.




Sfera.az xəbər verir ki, bu əlamətlər birlikdə müşahidə edildikdə daha real nəticə verir.




Araşdırmalara əsasən, yalan danışan şəxslər danışıq zamanı daha çox ümumi və qeyri-müəyyən ifadələrdən istifadə edir, “heç vaxt”, “həmişə”, “qətiyyən” kimi kəskin sözlər işlədir, sualı təkrar edərək vaxt qazanmağa çalışır və tez-tez özünü müdafiə edən cümlələr qurur.




Müşahidələr göstərir ki, dürüst insanlar danışarkən “mən” əvəzliyindən daha rahat istifadə etdiyi halda, yalan danışanlar məsuliyyəti azaltmaq üçün bu formadan yayınmağa çalışır.




Eyni zamanda müəyyən edilib ki, yalan zamanı beyində stres hormonlarının artması bədən dilində özünü büruzə verir. Bu zaman göz kontaktı ya normadan artıq olur, ya da tamamilə qaçırılır, şəxs tez-tez üzünə, boynuna və ya burnuna toxunur, oturuş dəyişir, narahat hərəkətlər artır və ayaqların çıxış istiqamətinə yönəlməsi müşahidə olunur. Yalnız bu əlamətlər yalanı sübut etmir, çünki stress və həyəcan da oxşar reaksiyalar yarada bilər.




Həmçinin, yalan danışan insanların səsi qəfil incələ və ya qalınlaşa, danışıq tempi isə dəyişə bilər. Udqunma, boğaz təmizləmə kimi reflekslər də tez-tez rast gəlinən əlamətlər sırasındadır.




Araşdırma nəticələrinə görə, yalan danışan şəxslərdə emosiyalarla ifadə edilən məzmun arasında uyğunsuzluq olur. Ciddi mövzular laqeyd mimika ilə, sevindirici hadisələr isə süni gülüşlə təqdim edilə bilər.




Fidan Hacızadə

Sfera.az