İran-ABŞ gərginliyi fonunda Tehranın rəsmi açıqlamalarında diqqətçəkən bir məqam ön plana çıxıb. İran rəsmilərinin böyük əksəriyyəti bildirib ki, ABŞ İrana hücum edəcəyi təqdirdə cavab olaraq İsrail hədəf alınacaq. Lakin bu açıqlamalarda ABŞ-nin regiondakı hərbi bazalarının və ya birbaşa Amerika hərbi qüvvələrinin vurulacağına dair ifadələrə nisbətən az rast gəlinir. Analitiklər hesab edirlər ki, bu ritorika təsadüfi deyil və İranın regional strategiyası, risk hesablamaları və mümkün eskalasiya ssenariləri ilə birbaşa bağlıdır. Bu yanaşma Tehranın ABŞ ilə birbaşa hərbi toqquşmadan yayınmaq istəyi, yoxsa İsraili daha “əlçatan” hədəf kimi görməsi sualını aktuallaşdırıb.
İran üçün ABŞ-nin regiondakı hərbi bazalarını vurmaq texniki və hərbi baxımdan İsraili vurmaqdan daha çətindirmi? Yoxsa Tehran ABŞ-ni birbaşa hədəfə almağın daha ağır və nəzarətdən çıxan nəticələr doğuracağından ehtiyat edir?
Sfera.az-a bu haqda açıqlama verən sabiq deputat, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlunun sözlərinə görə, hər şeydən öncə, ABŞ-nin İranı genişmiqyaslı hücuma məruz qoyacağı indiki şərtlər daxilində çox da inandırıcı görünmür:
“Bunu bir neçə əlamətlə hiss etmək olar. Birincisi, Donald Tramp dəfələrlə belə fikirlər səsləndirir ki, İran ABŞ-nin şərtlərini qəbul etməlidir və nəticə danışıqlardan asılı olacaq. Yəni bu o deməkdir ki, ABŞ İranla bağlı hücum məsələsində hələ qəti qərar qəbul etməyib. İrana zərbələrin endirilməsi isə çox da bəsit, sadə məsələ deyil. Bunun üçün müəyyən əlamətlər olmalıdır ki, biz onları görək və ona əsasən deyək ki, ABŞ İrana zərbələr endirə bilər. Hələlik açığı, mən bu əlamətləri tam şəkildə görə bilmirəm. Bəli, ABŞ-nin böyük aviadaşıyıcıları və zərbə qüvvələri İran yaxınlığında yerləşdirilib. “Abraham Lincoln” aviadaşıyıcısını xüsusilə qeyd etmək lazımdır ki, bu, çox nəhəng bir zərbə sistemidir, aviadaşıyıcı gəmidir. Amma bu, eyni zamanda geosiyasi təcrübədə güc nümayişi kimi də səciyyələndirilə bilər”.
Politoloq Tramp üçün başlıca prioritetin İrana təzyiq göstərmək və onu hansısa razılaşmaya sövq etməkdən ibarət olduğunu vurğulayıb:
“Başlıca şərtlər ondan ibarətdir ki, İran uranın zənginləşdirilməsini dayandırsın. İran bu istiqamətdə müzakirələr aparmağa hazır olduğunu bildirir, amma müdafiə sistemi ilə bağlı, yəni müdafiə xarakterli fəaliyyət məsələlərini müzakirə etməkdən imtina edir. ABŞ hər zaman İrandan tələb edir ki, o, regionda Hizbullahı, HƏMAS-ı və husiləri dəstəkləməkdən çəkinsin. Çünki bu, regionda həm ABŞ-nin, həm də İsrailin maraqlarına ciddi şəkildə ziddir. Yeni bir tələb də ondan ibarətdir ki, İran uzaqmənzilli ballistik raketlərin istehsalını dayandırsın və ya məhdudlaşdırsın. Son dövrlərdə, xüsusilə də ötən ilin iyun ayında baş verən 12 günlük müharibədən sonra İran rəsmilərinin özlərinin də etiraf etdiyi kimi, genişmiqyaslı ballistik raket istehsalına start verilib. İran bildirirdi ki, həm hava hücumundan müdafiə sistemləri, həm də hücum sistemləri tam hazır vəziyyətdədir və sistemdən cavab reaksiyası nümayiş etdirilə bilər. ABŞ-nin irəli sürdüyü bu şərtlər mövcuddur. İranın Prezidenti Məsud Pezeşkian da ABŞ ilə danışıqlara başlanması üçün tapşırıq verdiyini bildirib. Hesab edirəm ki, tərəflər daha çox danışıqlara meyillidirlər. Baxmayaraq ki, ABŞ güc nümayiş etdirir, hətta təhdid ritorikasına üstünlük verir, amma Trampın da danışıqlara meyilli olduğunu düşünürəm. Üstəlik, ABŞ-nin daxili siyasi həyatı da bu gün kifayət qədər gərgindir”.
Eks parlamentarinin fikrincə, Tramp ölkəsini uzun davam edən və nəticəsi proqnozlaşdırılmayan bir silahlı qarşıdurmaya cəlb etməkdən, çəkinəcək:
“Tramp simasını qorumaq üçün lokal zərbələr endirə bilər. Çünki İranın cavab reaksiyası olacaq. İran açıq şəkildə bildirir ki, İsraili vuracaq. Təkcə İsraili deyil, eyni zamanda regionda ABŞ-nin hərbi bazalarına da zərbələr endirəcəyini bəyan edir.
Bu baxımdan hesab edirəm ki, hələlik tərəflər bir-birlərinə yalnız ritorik hücumlar edirlər, yəni sözdə hücum edirlər. Amma praktikada bu baş verməyəcək. Çünki baş verəcəyi təqdirdə regionun bir sıra ölkələri də bu prosesə qoşulacaq və çox geniş coğrafiyada ciddi təhlükə yaranacaq. Bunu Tramp da dərk edir, eyni zamanda İran rəhbərliyi də bunu anlayır. Ötən ilin iyun ayında ABŞ tərəfindən İranın nüvə obyektlərinə zərbələr endiriləndə İran cavab olaraq ABŞ-nin müəyyən hərbi məntəqələrinə də zərbələr endirdi. Bu baxımdan, ABŞ-nin zərbələri olarsa, sözsüz ki, İran da zərbələr endirməyə ən azı cəhd göstərəcək. Bunun nə dərəcədə dağıdıcı olub-olmayacağı isə müzakirə mövzusudur. Hansı nəticələrə gətirib çıxaracağı ayrıca müzakirə edilə bilər. Amma bütün hallarda düşünürəm ki, məsələ müzakirə olunduğu qədər də sadə deyil”.
Bəsti Rəfizadə
Sfera.az