Azərbaycanda quru yolların uzun müddətdir bağlı qalması və regionlararası hərəkətin xüsusilə qış aylarında çətinləşməsi nəqliyyat məsələsini yenidən gündəmin əsas mövzularından birinə çevirib. Alternativ marşrutların məhdudluğu fonunda avia nəqliyyat həm vaxt, həm də təhlükəsizlik baxımından ən əlverişli seçim kimi ön plana çıxır. Bu vəziyyət isə ölkədə mövcud olan hava limanlarının real istifadəsi və aviasiya potensialının nə dərəcədə səmərəli qiymətləndirildiyi sualını aktuallaşdırır.


 



 


Xüsusilə xarici aviaşirkətlərin uçuşlarının əsasən Bakı istiqamətində cəmlənməsi regionlarda yerləşən aeroportların faktiki olaraq kənarda qalmasına səbəb olur. Halbuki mütəxəssislərin fikrincə, mövcud şəraitdə region aeroportları təkcə alternativ nəqliyyat qapısı deyil, həm də iqtisadi və turizm baxımından mühüm imkanlar yarada bilər. Hazırda Azərbaycanda ümumilikdə doqquz hava limanı mövcuddur. Bunlara Bakı şəhərində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportu, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala, Füzuli, Zəngilan və Yevlax aeroportları daxildir. Lakin bu hava limanlarının hamısı eyni səviyyədə və eyni intensivlikdə fəaliyyət göstərmir. Real olaraq müntəzəm sərnişin uçuşlarının həyata keçirildiyi aeroportlar əsasən Bakı, Naxçıvan və Gəncə ilə məhdudlaşır. Qəbələ aeroportunda isə əsasən mövsümi və çarter uçuşları təşkil olunur. Lənkəran və Zaqatala aeroportları infrastruktur baxımından mövcud olsa da, burada müntəzəm kommersiya uçuşları demək olar ki, həyata keçirilmir. Yevlax aeroportu isə faktiki olaraq fəaliyyətsiz hesab olunur və sərnişin daşımalarında rol oynamır.


 



 


Uzun illərdir gündəmdə olan Xocalı aeroportu da hazırda tam fəaliyyətsizdir və uçuşlara açıq deyil. Son illərdə işğaldan azad edilmiş ərazilərdə aviasiya infrastrukturu sürətlə qurulub. Laçın, Füzuli və Zəngilan beynəlxalq aeroportları artıq istifadəyə verilib və strateji əhəmiyyət daşıyır. Mövcud vəziyyətdə xarici aviaşirkətlərin yalnız Bakı aeroportu ilə məhdudlaşması ekspertlər tərəfindən tez-tez tənqid olunur.


 


Bildirilir ki, əgər xarici daşıyıcılara Gəncə, Qəbələ, Zaqatala və digər region aeroportlarına uçuş icazəsi verilərsə, bu həm Bakı üzərindəki sərnişin yükünü azaldar, həm də bölgələrdə iqtisadi aktivliyi artırar. Eyni zamanda, region aeroportlarından həyata keçirilən uçuşlar bilet qiymətlərinin nisbətən daha əlçatan olmasına da təsir göstərə bilər. Quru sərhədlərin bağlı qalması və alternativ nəqliyyat yollarının məhdudluğu fonunda avia nəqliyyatın əhəmiyyəti daha da artır. Xüsusilə uzun məsafələrdə hava yolu həm vaxt itkisini minimuma endirir, həm də rahatlıq baxımından üstünlük təşkil edir. Bu baxımdan ölkədə mövcud olan aeroportların tam gücü ilə işləməsi yalnız nəqliyyat deyil, regional inkişaf baxımından da strateji əhəmiyyət daşıyır.


 


Bu kontekstdə bir sıra vacib suallar ortaya çıxır.


 


Maraqlıdır, hazırda Azərbaycanda yeni yerli hava yolu şirkətinin yaradılması üçün hüquqi və institusional şərait mövcuddurmu və bu sahədə lisenziyalaşdırma hansı dövlət qurumu tərəfindən həyata keçirilir? Eyni zamanda, yerli sahibkarların və xarici şirkətlərin Azərbaycan aviasiya bazarına daxil olması üçün hansı imkanlar və məhdudiyyətlər nəzərdə tutulur?


 


Mövzu ilə bağlı bu və digər suallarla əlaqədar Sfera.az tərəfindən Mülki Aviasiya Agentliyinə rəsmi sorğu ünvanlanıb. Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, mülki aviasiya sahəsində səlahiyyətlər və lisenziyalaşdırma mexanizmləri mövcud qanunvericiliklə tənzimlənir və bu proses aidiyyəti dövlət qurumu tərəfindən həyata keçirilir:


 



 


“Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi Azərbaycan Respublikasının ərazisində mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi üçün tənzimləmənin və nəzarətin (keyfiyyətə nəzarət də daxil olmaqla), habelə mülki aviasiyada dövlət nəzarəti çərçivəsində təhlükəsizliyin təmini ilə bağlı xidmətlər göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.


“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələblərinə görə, hava gəmilərini istismar etmək istəyən fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) istismarçı sertifikatı almalıdırlar. Həmin maddə üzrə “orqan (qurum)” dedikdə Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 31 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstismarçı sertifikatının verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üçün istismarçı sertifikatlarına olan tələblər" istismarçı sertifikatının verilməsi ilə bağlı tələbləri müəyyən edir”.


 


Agentlikdən bildirilib ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə əsasən, hava nəqliyyatı istismarçılarına sertifikatın verilməsinə görə 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu müəyyən edilib.


 


Firuzə Əliyeva


Sfera.az