Azərbaycanda süni intellekt (Sİ) texnologiyalarının sürətlə inkişaf etməsi ilə əlaqədar etik məsələlərin tənzimlənməsi önəmli məsələ kimi gündəmə çıxır. Bu kontekstdə, müxtəlif sektorları təmsil edən milli süni intellekt etikası üzrə məsləhət şurasının yaradılması təklif olunur.


 


Şuranın məqsədi ölkədə Sİ-nin məsuliyyətli və etik istifadəsini təmin etmək, həmçinin dövlət və özəl sektorda standartların formalaşmasına töhfə verməkdir. Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.


 


Maraqlıdır, belə bir şura yaradılarsa, əsas funksiyaları və səlahiyyətləri nədən ibarət olacaq?


 


Süni intellekt mütəxəssisi Ümid Salay Sfera.az-a açıqlamasında bildirib ki, belə bir şuranın yaradılması əslində süni intellektin texniki inkişaf mərhələsindən idarəetmə və məsuliyyət mərhələsinə keçidin göstəricisi olar. Onun sözlərinə görə, milli Sİ etikası üzrə məsləhət şurası icraedici qurum yox, strateji və yönləndirici platforma kimi formalaşmalıdır:


 



 


“Əsas funksiyalardan birincisi etik çərçivələrin müəyyənləşdirilməsi olmalıdır. Süni intellektin dövlət idarəçiliyində, biznesdə, mediada, təhsildə və səhiyyədə istifadəsi üçün ümumi prinsiplər hazırlanmalıdır. Burada əsas sual “texniki olaraq mümkündürmü?” yox, “istifadəsi cəmiyyət üçün nə dərəcədə uyğundur?” olmalıdır. Şura bu balansı qoruyan etik standartları formalaşdırmalıdır. İkinci əsas funksiya risklərin erkən qiymətləndirilməsidir. AI sistemlərinin diskriminasiya, yanlış qərarvermə, dezinformasiya, məxfilik və təhlükəsizlik riskləri yarada biləcəyi sahələr öncədən analiz olunmalı, tövsiyə xarakterli yol xəritələri hazırlanmalıdır. Bu, texnologiya yayıldıqdan sonra reaksiya vermək yox, önləyici yanaşma deməkdir”.


 


Mütəxəssis qeyd edib ki, üçüncü mühüm rol dövlət və özəl sektor üçün məsləhətçi funksiyasıdır:


 


“Şura nazirliklərə, dövlət qurumlarına və şirkətlərə AI həllərini tətbiq edərkən etik risklər, hüquqi məsuliyyət və ictimai təsir baxımından rəy verə bilər. Bu rəy məcburi qərar yox, amma güclü istinad nöqtəsi olmalıdır. Dördüncü istiqamət şəffaflıq və etimad mexanizmlərinin təşviqidir. Süni intellektdən istifadə olunan sistemlərdə və xidmətlərdə istifadəçiyə açıq şəkildə məlumat verilməsi, AI-nin harada və necə istifadə olunduğunun bildirilməsi kimi prinsiplər formalaşdırıla bilər. Bu, cəmiyyətin texnologiyaya olan etimadını qorumaq baxımından vacibdir. Beşinci vacib funksiya AI savadlılığının təşviqi ola bilər. Şura yalnız ekspertlər üçün deyil, media, hüquqşünaslar, müəllimlər və idarəçilər üçün də maarifləndirici tövsiyələr hazırlamalıdır. Çünki etik risklər çox vaxt texnologiyanı anlamamaqdan qaynaqlanır. Nəticə olaraq, Azərbaycanda milli süni intellekt etikası üzrə məsləhət şurası yaradılarsa, bu qurum texnologiyanın sürətini azaltan yox, onu sağlam və etibarlı istiqamətə yönəldən “kompas” rolunu oynamalıdır. Bu da uzunmüddətli perspektivdə həm dövlətin, həm biznesin, həm də cəmiyyətin maraqlarına xidmət edər”.


 


Niyaz Hacıyev


Sfera.az