Ermənistanın daxili siyasətində son dövrlər yenidən keçmiş prezident Robert Köçəryanın adı ətrafında müzakirələr güclənib. Regionda geosiyasi gərginliyin artdığı bir vaxtda bəzi siyasi dairələr və analitiklər Rusiyanın Ermənistan siyasətində təsirini yenidən artırmağa çalışdığını iddia edir.


 


Bu kontekstdə Moskvanın keçmiş prezidentin yenidən hakimiyyətə qayıtmasına dəstək verə biləcəyi ehtimalı gündəmə gətirilir. Ermənistanın mövcud hakimiyyəti ilə Moskva arasında münasibətlərin zaman-zaman gərginləşməsi bu cür ehtimalların müzakirə olunmasına səbəb olur.


 


Baş nazir Nikol Paşinyanın son illərdə Qərb strukturları ilə əlaqələri genişləndirməsi, eyni zamanda təhlükəsizlik sahəsində alternativ tərəfdaşlar axtarması Kremlin regiondakı maraqları baxımından diqqətlə izlənilir. Bu fonda Ermənistanın keçmiş rəhbərlərindən biri olan Robert Köçəryanın yenidən siyasi səhnədə aktivləşməsi müxtəlif siyasi ssenarilərin müzakirəsinə yol açıb.


 


Köçəryan hakimiyyətə gələrsə, xarici siyasətdə nə kimi dəyişikliklər baş verə bilər? Ümumiyyətlə, onun yenidən hakimiyyətə gəlməsi nə dərəcədə realdır?


 


Sfera.az-a bu barədə açıqlama verən politoloq Cavanşir Abbaslı bildirib ki, zaman-zaman təkcə Robert Köçəryanın deyil, Rusiyaya yaxınlığı ilə tanınan digər Ermənistan siyasətçisi, keçmiş prezident Serj Sarkisyanın da hakimiyyətə qayıdışı ilə bağlı iddialar gündəmə gəlib:


 



 


“Rusiya daha çox bu iki şəxs üzərindən Paşinyan hakimiyyətinə təzyiq göstərməyə çalışır. Bildiyiniz kimi, Robert Köçəryan və Serj Sarkisyan dırnaqarası “Qarabağ klanı”nın əsas fiqurlarından sayılır. Buna görə də hər zaman bu iki şəxsdən birinin hakimiyyətə qayıtması ehtimalı müzakirə olunub və gələcəkdə də belə müzakirələr davam edə bilər. Hətta onların birlikdə hərəkət edərək hakimiyyətə gəlmək istəyi də mümkündür. Mümkün seçkilər ərəfəsində bu şəxslərin ittifaq şəklində birləşməsi də istisna deyil. Onların münasibətləri də kifayət qədər yaxşıdır. Rusiya son dövrlərdə Ermənistanda Karapetyan kimi bir şəxsi, Rusiyaya yaxınlığı ilə tanınan milyarderi ön plana çıxarmağa və hakimiyyətə gətirməyə çalışır. Lakin istənilən halda, Moskva Ermənistanda özünə yaxın bir siyasətçini hakimiyyətə gətirmək istəsə, bu şəxslər daha çox Köçəryan-Sarkisyan tandemindən biri ola bilər”.


 


Politoloq martın 16-da Köçəryanın rəhbərliyi ilə Ermənistanda seçkilər ərəfəsində yeni siyasi ittifaqın elan olunacağını da bildirib:


 


“Düşünürəm ki, belə bir ittifaq elan olunarsa, bu müəyyən qədər Paşinyan üçün baş ağrısına çevrilə bilər. Lakin indiki mərhələdə Köçəryanın nüfuzu onun yenidən hakimiyyətə gəlməsi üçün yetərli görünmür. Çünki bu şəxslər vaxtilə daha çox “Qarabağ kartı” üzərindən hakimiyyətə gəlmişdilər. Artıq Ermənistan cəmiyyətində bu kart əvvəlki əhəmiyyətini itirib. Görünən odur ki, erməni cəmiyyəti müharibə istəmir. Bu şəxslər isə revanşist qüvvələrin liderləri kimi tanınırlar. Ermənistan cəmiyyətində revanşist hisslərin səviyyəsi təxminən 20-25 faiz civarında qiymətləndirilir ki, bu da hakimiyyətə gəlmək üçün yetərli deyil. Hesab edirəm ki, son günlərdə Ermənistanın Rusiya ilə təmasları da artıb.


 


Paşinyan hökuməti müəyyən mənada Rusiyanın “könlünü almağa” çalışır. Bunun nəticə verib-verməyəcəyini zaman göstərəcək. İyun ayında parlament seçkiləri keçiriləcək və qarşıdakı üç ay Ermənistan və Paşinyan hakimiyyəti üçün kifayət qədər gərgin keçəcək. Köçəryan siyasi səhnəyə qayıdaraq hər hansı ittifaq elan etsə və Rusiyanın dəstəyini alsa belə, hazırkı mərhələdə Paşinyana qalib gələcək gücə və nüfuza sahib görünmür. Ermənistanın xarici siyasətinə gəlincə, bu siyasət tam müstəqil deyil. Əgər ölkə ərazisində başqa bir dövlətin hərbi qüvvələri, məsələn, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası mövcuddursa, həmin ölkə tam müstəqil siyasət yürüdə bilməz. Paşinyan hakimiyyətə gəldikdən sonra müəyyən manevrlər etməyə çalışdı, lakin istədiyi nəticəni tam əldə edə bilmədi. ABŞ başda olmaqla Qərb dünyasının Ermənistanla bağlı gözləntiləri də özünü doğrultmadı. Nəticə etibarilə Ermənistanın xarici siyasətində Rusiyanı kənarda qoyan bir kursun yürüdülməsi real görünmür. Rusiya hər zaman olduğu kimi əsas aktorlardan biri olaraq qalacaq”.


 


Bəsti Rəfizadə


Sfera.az