İnsanların yuxu qrafiki və məhsuldarlığı vərdişlərdən daha çox bioloji xüsusiyyətlərlə bağlıdır.
Sfera.az xəbər verir ki, bu barədə “Popular Science” nəşri yazıb. Alimlər bildirirlər ki, insanları sadəcə “səhər tezdən oyananlar” və “gecə aktiv olanlar” kimi iki qrupa bölmək düzgün deyil. Əslində daha dəqiq yanaşma “xronotip” anlayışıdır. Xronotiplər fərdin aktivlik və istirahət dövrlərini müəyyən edən bioloji ritmlərdir və bunlar genetika, yaş və ətraf mühit faktorlarından asılı olaraq formalaşır. Mütəxəssislərin sözlərinə görə, insanın yuxu vərdişləri həyat boyu dəyişir. Uşaqlar daha tez oyanmağa meylli olur, yeniyetmələr gec saatlara yönəlir, yaş artdıqca isə insanlar yenidən erkən oyanmağa başlayır. Bununla belə, hər bir insanın müəyyən xronotipə meyli ümumilikdə sabit qalır. Araşdırmada qeyd olunur ki, xarici amillər də mühüm rol oynayır. Xüsusilə süni işıq insanın daxili bioloji saatına təsir edərək yuxu hormonu olan melatoninin ifrazını azaldır.
Məsələn, axşam saatlarında elektron cihazlardan tez-tez istifadə yuxuya getmə vaxtını gecikdirə bilər. Tədqiqatlar göstərir ki, xronotiplərə genetika da ciddi təsir edir. Alimlər səhər və ya axşam aktivliyinə meyli müəyyən edən yüzlərlə faktor aşkar ediblər. Bu müxtəlifliyin təkamül baxımından faydalı olduğu, qədim icmaların günün müxtəlif saatlarında ayıq qalmasına imkan yaratdığı ehtimal edilir. Bəzi ekspertlər xronotipləri daha geniş təsnif edir və “ayılar”, “canavarlar”, “şirlər” və “delfinlər” kimi kateqoriyalar ayırırlar. Bu bölgü insanların aktivlik səviyyəsi və yuxuya həssaslığı ilə bağlı fərqləri əks etdirir. Eyni zamanda, alimlər vurğulayırlar ki, “ən yaxşı” yuxu rejimi anlayışı yoxdur.
Erkən oyanmaq çox vaxt daha stabil psixi və fiziki sağlamlıqla əlaqələndirilsə də, gecə aktiv olan insanlar yüksək kognitiv çeviklik və güclü yaddaş göstəriciləri ilə seçilə bilər. Lakin xronotipdən asılı olmayaraq, uzunmüddətli yuxusuzluq piylənmə, depressiya, ürək-damar xəstəlikləri və 2-ci tip diabet riskini artırır. Mütəxəssislər hesab edir ki, əsas məsələ insanın həyat tərzini öz bioloji ritmlərinə uyğunlaşdırmasıdır. Sabit yuxu rejiminin qorunması, kifayət qədər istirahət və ən məhsuldar saatlarda fəaliyyətin planlaşdırılması stressin azalmasına və tükənmişliyin qarşısının alınmasına kömək edə bilər.
Firuzə Əliyeva
Sfera.az