“The Wall Street Journal” qəzetinin məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi əməliyyatı Hörmüz boğazı tamamilə açılmasa belə başa çatdırmaq istəyir.


 


Qəzetin yazdığına görə, ABŞ rəhbərliyi Hörmüz boğazında gəmilərin hərəkətinin bərpası işinin altı həftəlik əməliyyat planını poza biləcəyini müəyyən edib. Tramp isə əsas məqsədlərə, İran Hərbi Dəniz Qüvvələrinin zəiflədilməsi və raket ehtiyatlarının məhv edilməsinə nail olduqdan sonra hərbi əməliyyatları dayandırmağı və Tehrandan gəmilərin hərəkətini diplomatik yolla bərpa etməsini tələb etməyi qərara alıb.


 


Əgər diplomatik metodlar uğursuz olsa, ABŞ Avropa və Fars körfəzi ölkələrinə təzyiq göstərərək boğazın açılmasını təşviq etməyə çalışacaq.


 


ABŞ-nin bu ssenarisi fonunda İranın geri addım atması nə qədər realdır?


 


Siyasi şərhçi Ülviyyə Zülfiqar Sfera.az-a açıqlamasında bildirib ki, burada əsas məqsəd genişmiqyaslı müharibəyə girmədən siyasi nəticə əldə etməkdir:


 



“Bu, klassik “eskalasiya nəzarəti” strategiyasıdır. Lakin Hörmüz boğazı məsələsi təkcə iqtisadi deyil, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Bu boğaz tarixən təzyiq artdıqca bağlanmaq və ya risk altına alınmaqla üzləşib. Bu baxımdan, hərbi təzyiq nəticəsində dərhal geri addım atılması real görünmür”.


 


Ü. Zülfiqar əlavə edib ki, digər tərəfdən, Rəsmi Tehranın davranışları yalnız hərbi balansla müəyyən olunmur:


 


“Daxili iqtisadi təzyiq, sanksiyalar və regional müttəfiqlərlə münasibətlər də qərarverməyə ciddi təsir edir. ABŞ-nin planında diqqət çəkən digər məqam isə birbaşa qarşıdurmadansa məsələni beynəlxalq təzyiq mexanizmləri ilə həll etməyə çalışacağının müşahidə edilməsidir. Hadisələrin sonrakı inkişafı yalnız hərbi təzyiqdən asılı deyil; bu, çoxşaxəli siyasi, iqtisadi və psixoloji faktorların kəsişməsində formalaşacaq. Qısa müddətdə sərt ritorika və məhdud eskalasiya daha real görünür. Əgər itkilər kritik həddə çatarsa və diplomatik çıxış yolu təqdim olunarsa, şərti kompromisə gedilə bilər, lakin bunun hazırda bütün tərəflərin tam və açıq geri çəkilmə formasında olmayacağını düşünürəm”.


 


Fidan Hacızadə


Sfera.az