2026-cı ilin əvvəlində Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərə nisbəti 18,4 faizə yüksəlib. Bu, ötən ilin sonu ilə müqayisədə 0,4 faiz bəndi artım deməkdir.


 


Rəsmi statistikaya əsasən, son illərdə əhalinin kredit öhdəliklərində davamlı artım müşahidə olunur. Belə ki, 2024-cü ildə bu göstərici 18 faiz təşkil edib və il ərzində 2,2 faiz bəndi artım qeydə alınıb. Həmin dövrdə iqtisadi fəal əhali üzrə adambaşına düşən orta aylıq sərəncamda qalan gəlir 1150 manat olub. Borc yükünün 18 faiz səviyyəsində olması isə orta hesabla hər bir şəxsin aylıq 207 manat kredit ödənişi etməsi anlamına gəlir.


 


Əvvəlki illərdə isə bu göstərici belə olub: 2020-ci il-93 manat, 2021-ci il-112 manat,  2022-ci il-140 manat,  2023-cü il-174 manat, 2024-cü il-207 manat.


 


Beləliklə, 2020-2024-cü illərdə əhalinin orta aylıq kredit ödənişi təxminən 2,2 dəfə artıb. Bəs əhalinin kredit yükü niyə artır? Gəlirlərin artımı kifayət etmir, yoxsa kreditləşmə daha əlçatan olub?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, mövcud artım əhalinin həddindən artıq borclanması kimi qiymətləndirilməməlidir:


 



 


“Əhalinin həddindən artıq yükləndiyini demək düzgün olmaz. Burada əsas məsələ bank sektorunun kredit portfelinin genişlənməsidir. Maliyyə sektoru hər il təxminən 15-20 faiz böyüyür, kredit portfeli artır, bankların mənfəəti yüksəlir. Amma real sektor bu sürətlə böyümür. Yəni artımın əsas səbəbi bankların daha aktiv kredit satışı həyata keçirməsidir”.


 


İqtisadçının sözlərinə görə, vətəndaşların gəlirlərinin rəsmiləşdirilməsi də kreditləşmənin artmasına təsir göstərir:


 


“Gəlirlər şəffaflaşdıqca bankların kredit vermək imkanları artır. Rəsmi statistikaya görə, əhalinin gəlirləri də hər il artır. Məsələn, ötən il gəlirlər 9 faizdən çox yüksəlmişdi. Bu da bank sektorunun kredit portfelini genişləndirməsinə imkan yaradır”.


 


X.Kərimli qeyd edib ki, Azərbaycanda kreditləşmənin artım potensialı hələ də yüksək olaraq qalır:


 


“Hazırda Azərbaycanda bir çox alış-veriş əməliyyatları nəğd şəkildə həyata keçirilir. İnkişaf etmiş ölkələrdə mənzil və əmlak alışlarının 70-80 faizi ipoteka kreditləri hesabına baş verirsə, Azərbaycanda ipoteka kreditlərinin ümumi dövriyyədə payı 15 faizi belə keçmir. Bu baxımdan kreditləşmənin payı gələcəkdə daha da arta bilər. Bundan başqa, statistik göstəricilər əsasən rəsmi gəlirlərə əsaslanır, halbuki əhalinin faktiki gəlirləri daha yüksək ola bilər. Bu səbəbdən borc yükünün real səviyyəsi statistik rəqəmlərdən daha aşağı görünə bilər”.


 


Firuzə Əliyeva