Dünya Səhiyyə Təşkilatı (ÜST) təhlükəli qidaların yaratdığı risklərlə bağlı yeni hesabat yayıb.
Hesabata görə, bakteriyalar, viruslar, parazitlər və ya zərərli kimyəvi maddələrlə çirklənmiş qidaların istehlakı nəticəsində hər il dünyada təxminən 1,5 milyon insan həyatını itirir.
Sfera.az xəbər verir ki, ÜST-ün 194 ölkəni əhatə edən araşdırmasına əsasən, hər il təxminən 886 milyon insan qida mənşəli xəstəliklərə yoluxur. Ən həssas qruplardan biri isə 5 yaşdan kiçik uşaqlardır. Məlumata görə, azyaşlıların xəstələnmə riski böyüklərlə müqayisədə təxminən üç dəfə yüksəkdir. ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, qida təhlükəsizliyi nəzəri məsələ deyil, hər ailənin və hər süfrənin gündəlik üzləşdiyi real riskdir. Hesabatda qeyd olunur ki, 2000-ci illərin əvvəlləri ilə müqayisədə qida mənşəli xəstəliklərin sayı azalsa da, problem dünya üzrə bərabər paylanmayıb. Qeyd edilən halların təxminən 75 faizi Afrika və Cənub-Şərqi Asiyanın payına düşür.
Bu regionlar qida infeksiyaları ilə əlaqədar ölümlərin təxminən 60 faizini təşkil edir. ÜST-ün məlumatına görə, 2021-ci ildə bakteriya və viruslar kimi bioloji təhlükələrdən qaynaqlanan təxminən 860 milyon xəstəlik halı qeydə alınıb. Bununla belə, ölüm hallarının böyük hissəsi arsen və qurğuşun kimi kimyəvi maddələrin yaratdığı zəhərlənmələrlə əlaqələndirilir. Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi qidaların çirklənmə riskini artırır, antibiotiklərə davamlı bakteriyaların yayılması isə infeksiyaların müalicəsini daha da çətinləşdirir. Qida təhlükəsizliyi problemi yalnız sağlamlığa deyil, iqtisadiyyata da ciddi təsir göstərir.
Araşdırmaya əsasən, təhlükəli qidaların səbəb olduğu xəstəliklər və əmək məhsuldarlığının azalması nəticəsində qlobal iqtisadiyyat 2021-ci ildə təxminən 647 milyard dollar zərərə məruz qalıb. ÜST vurğulayır ki, xüsusilə resursları məhdud olan ölkələrdə qida təhlükəsizliyi standartlarının gücləndirilməsi qlobal səhiyyənin əsas prioritetlərindən biri olaraq qalır.
Firuzə Əliyeva
Sfera.az