“Ermənistan” blokunun baş nazirliyə namizədi, keçmiş prezident Robert Köçəryan bildirib ki, Rusiya sanksiyalardan azad olan gün Ermənistan iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək, çöküş baş verəcək.
O hesab edir ki, belə bir ssenarinin qarşısını almaq, iqtisadiyyatın davamlı inkişafı üçün möhkəm təməllər yaratmaq lazımdır:
“Ermənistanın hazırkı iqtisadi vəziyyəti xarici amillər, xüsusən də Ukrayna ilə müharibə kontekstində Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən qorunub saxlanılır, amma nəyinsə idxalı, nəyinsə Rusiyaya yenidən satılması və sair ölkənin istehsal gücünü artırmayıb”.
Rusiya-Ukrayna müharibəsinin bitməsi Ermənistanın əleyhinə işləyəcək? Köçəryan “təməl” dedikdə region ölkələri ilə daha sıx əməkdaşlığı nəzərdə tuta bilərmi?
Sfera.az-a bu haqda açıqlama verən iqtisadçı Allahverdi Cəfərovun sözlərinə görə, son bir neçə ildir Ermənistan iqtisadiyyatında müşahidə olunan artımda Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müəyyən payı var:
“Ermənistan bu sanksiyalardan faydalanaraq bəzi mallarının təkrar ixracını, yəni “re-eksport”unu həyata keçirib. Məsələn, Rusiya-Ukrayna müharibəsi başlayandan qısa müddət sonra Ermənistanda qızıl və qızıl məmulatlarının ixracı kəskin artıb. Müharibədən əvvəl Ermənistan hər il təxminən 100-150 milyon dollar dəyərində qızıl idxal edirdisə, müharibə başlayandan sonra bu göstərici birdən-birə 5-6 milyard dollara yüksəldi. Qızıldan başqa, texnoloji avadanlıqların da ixracında kəskin artım baş verdi. Bu ilin ilk rübündə Ermənistanda ən çox vergi ödəyən şirkət mobil cihazlar və kompüterlərin idxalı, satışı və təkrar ixracı ilə məşğul olan “Mobile Center Art” şirkəti olub. Təsəvvür edin ki, bu şirkət dövlət büdcəsinə “Qazprom Ermənistan” və “Zəngəzur Mis və Molibden Kombinatı” kimi nəhəng şirkətlərdən də çox vergi ödəyib. Bu baxımdan Köçəryanın dediklərində müəyyən həqiqətlər var”.
Ekspertin fikirlərinə əsasən, Ermənistan hazırda Qərb mallarının (elektronika, avtomobillər, texnika və s.) Rusiyaya ötürülməsində əsas “boz qovşaq” rolunu oynayır və sanksiyalar qalxarsa, Rusiya bu malları birbaşa alacaq və Ermənistanın milyardlarla dollarlıq dövriyyəsi yox olacaq:
“Amma sanksiyaların ortadan qalxmasının Ermənistan iqtisadiyyatında ciddi çöküşə səbəb olacağını düşünmürəm. Çünki bu sanksiyalar sadəcə ticarət dövriyyəsində artıma səbəb olub. Sanksiyaların Ermənistanda yerli istehsala, yaxud ölkə daxilində ticarət və xidmət sektoruna hansısa ciddi təsiri olmayıb. Deyək ki, müharibənin başladığı illərdə ola bilsin ki, Ermənistanın daşınmaz əmlak bazarında müəyyən canlanma yaranıb. Yəni, Rusiyadan gələn zəngin insanlar Ermənistanda daşınmaz əmlak sektoruna müəyyən investisiyalar yatırıblar. Amma bu, elə də böyük həcmdə olmayıb. Bu səbəbdən sanksiyaların ləğvi yalnız Ermənistanın ticarət dövriyyəsini aşağı sala bilər. Əlbəttə, qeyd etdiyimiz kimi, bunun müəyyən mənfi fəsadları olacaq. İlk növbədə ölkəyə valyuta daxilolmaları azalacaq.
Diqqət etsək görərik ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ermənistan milli valyutasının dəyəri dollar qarşısında artıb. Bunun əsas səbəblərindən biri məhz ölkəyə daha çox valyutanın daxil olması ilə bağlıdır. Ermənistanın “re-eksport” imkanları zəifləyərsə, milli valyutanın da dəyərdən düşməsi ehtimalları artacaq. Köçəryan “iqtisadiyyatın davamlı inkişafı üçün möhkəm təməllər yaratmaq” dediyi zaman nəyi nəzərdə tutduğu aydın deyil. Köçəryanın bunun üçün region ölkələri ilə daha sıx əməkdaşlığı nəzərdə tutacağı inandırıcı deyil. Məlumdur ki, Köçəryan Ermənistanda Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik münasibəti göstərən siyasi təşkilatın, “Ermənistan Alyansı”nın lideridir. Köçəryan və onun tərəfdarları Ermənistanın Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələr qurmasını tənqid edirlər. Bu baxımdan hesab edirəm ki, Köçəryan “möhkəm təməllər yaratmaq” deyəndə Rusiya və Avrasiya İqtisadi Birliyi ilə əlaqələrin yenidən gücləndirilməsini nəzərdə tutur”.
Bəsti Rəfizadə
Sfera.az